Gənc ailələrin NƏZƏRİNƏ - Əgər övladınız varsa...

Son illər bür çox ölkələrdə olduğu kimi Azərbaycanda da ailə münaqişələri , boşanmalar, ailədə uşaqların idarəedilməsində yaranan çətinliklər cəmiyyətdə bir çox problemlərə səbəb olur.
Bu məsələ ətrafında dəfələrlə müzakirələr aparılır. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda bir çox informasiyalar yazılır, fikir mübadiləri aparılır.
Mütəxəssislərin fikrincə, ailəqurularkən çütlüklər arasında sağlam münasibətlərə önəm verilməlidir. Ailənin də təməli məhz sağlam münasibətlər üzərində qurulmalıdır.
Məsələ ilə əlaqədar psixoloq Rəvanə Quluzadə BAKU.WS-ə açıqlamasında məsələnin kökündə insanların bir-birini anlaya bilməsinə dayandığını bildirdi.

"Sağlam münasibət qarşılıqlı hörmət, etibar, dürüstlük, emosional dəstək və sərhədlərin qorunması ilə xarakterizə olunur.
Bu münasibətdə tərəflər bir-birinin duyğularını kiçiltmir, manipulyasiyadan və güc savaşından uzaq dururlar. Bununla yanaşı, hər iki tərəf öz duyğularını ifadə edə bilir, problemləri birlikdə həll edir və fərdi azadlıqlar məhdudlaşdırılmır".
Lakin məsələnin digər tərəfində ailə üzvlərinin bir-birini qısqanması dayanır. Məhz bu səbəbdən də, ailələrin çoxunda münaqişələr yaranır.
Sevgi və qısqanclıq çox vaxt bir-birinə qarışdırılır. Harada sərhəd pozulur?
Rəvanə Quluzadə deyir ki, sevgi qısqanclıqdan fərqli olaraq, qarşılıqlı güvən və hörmət üzərində qurulur:
"Qısqanclıq isə həm bağlılıq duyğusundan, həm itirmək qorxusundan, həm də özünə inam və qarşı tərəfə güvənməməkdən yaranan duyğudur. Adətən bağlılıq hissindən yaranan qısqanclıq dağıdıcı olmur, daha çox birləşdirici xarakter daşıyır. Lakin digər hallarda qısqanclıq həddən artıq idarəetmə, güvənsizlik və nəzarətə çevrilə bilir, sərhəd pozulur. Bu, münasibətlərdə stres yaradır, azadlığı məhdudlaşdırır və zamanla emosional zərər verir. Nəticədə münasibət zərər görür".
Ekspert onu da vurğulayır ki, insanlar toksik münasibətləri tərk etməkdə çətinlik çəkirlər. Onun fikrincə, belə münasibətlərdə beynin mükafat sistemi ciddi şəkildə aktiv olur:
"Yəni, bəzi münasibətlərdə sevgi və diqqət ardıcıl deyil, aralıqlı şəkildə verilir. Bu cür qeyri-sabitlik beyni çaşdırır, mükafat sistemini daha güclü şəkildə aktivləşdirir və insanda zərərli bağlılıq yaradır.
Həmçinin uşaqlıqda valideynlə münasibətə əsasən formalaşan bağlanma stili burada rol oynayır. Və tərk edilmək, tək qalmaq qorxusu, gələcəklə bağlı narahatlıqlar, özünü dəyərsiz hiss etmə, dəyişiklikdən çəkinmə də emosional asılılığı gücləndirir. Bu vəziyyət "zərərli bağlılıq" kimi tanınır və insanın bu "dairədən" çıxmasını çətinləşdirir".
– Cütlüklər arasında ən çox rast gəlinən ünsiyyət problemi nədir? Bu problemi necə aşmaq mümkündür?
Rəvanə Quluzadənin sözlərinə görə, cütlüklər arasında ən yayılmış ünsiyyət problemi, duyğuların açıq və sakit şəkildə ifadə olunmamasıdır:
"Tərəflər tez-tez tənqid və ittihamla danışır. Problemi aşmağın yolu günahlandırmadan, sadəcə nə hiss etdiyini, nəyə ehtiyac duyduğunu sakit dillə bölüşmək və qarşı tərəfi dinləməyə hazır olmaqdır. Ailə və cütlük terapiyası da bu məqamda faydalıdır".
Müasir ailələrdə emosional yaxınlıq nəyə görə zəifləyir və bu, uşaqlara necə təsir edir?
Psixoloq deyir ki, burada əsas məqam ailə üzvlərinin müasir texnolojiyalara, internet resurslarına aludə olmasıdır. Bu da, insanların real həyatdan ayrılmasına səbəb olur:
"Müasir həyatın sürəti, texnologiyadan geniş istifadə və boş zamanların əsasən fərdi məşğuliyyətlərə ayrılması, ailə üzvlərinin birlikdə keyfiyyətli zaman keçirməsini azaldır. Və emosional yaxınlığın zəifləməsinə səbəb olur.
Bu isə uşaqlarda özünüqiymətləndirmə problemləri, sosial bacarıqların zəifləməsi, emosional sabitliyin pozulması ilə müşayiət oluna bilər. Nəticədə ailə üzvləri arasında münasibətlər mexanikiləşir, bir növ "robotlaşma" baş verir.
Halbuki ailədaxili emosional bağlılıq, uşağın psixoloji inkişafı və insani keyfiyyətlərinin formalaşması üçün həyati əhəmiyyət daşıyır, - deyə Rəvanə Quluzadə bildirib.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Sabah Bakının bu ərazisində işıq sönəcək
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...
