Fuad Hüseynəliyev: Dini jurnalistika da ixtisaslaşmış olmalıdır

Dini məsələlər hər zaman həssas mövzu olduğundan ictimai rəyi yanlış yönəltmək, manipulyasiya etmək, ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr üçün ən münbit informasiya məkanıdır.
BAKU.WS xəbər verir ki, bunu "Report İnformasiya Agentliyi" MMC-nin direktoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunan "Din-media münasibətləri: yeni hədəf və çağırışlar" adlı panel sessiyada çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün Azərbaycan etiqad azadlığının, multikultural dəyərlərin ən yüksək səviyyədə təmin olunduğu dünyəvi dövlətlərdəndir:
"Lakin elə bu tolerantlığın doğurduğu çağırışlar da var ki, onları diqqətdən qaçırmaq olmaz. Bir çox hallarda kənar qüvvələr din faktorundan bu və ya digər dövlətə, cəmiyyətə təsir, bəzən isə təzyiq üçün istifadə edə bilirlər".
O vurğulayıb ki, sosial media gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib və bu da dini mövzularda arzuolunmaz məlumatların daha sürətlə yayılmasına gətirib çıxarır.
"Bu baxımdan Azərbaycana təhsil və ya xeyriyyəçilik pərdəsi altında müxtəlif dini qruplaşmalar daxil ola bilər. Onlar tərəfindən ən müxtəlif dini sektalar yaranır, gənclər bu sektalara, hətta bəzi hallarda terror təşkilatlarına da cəlb edilə bilirlər. Təbii ki, hansısa ciddi təhdidlər olduqda, müvafiq qurumlar bunun qarşısını yüksək peşəkarlıqla alır və bu baxımdan Azərbaycan ən güvənli ölkələrdən biridir".
F.Hüseynəliyev qeyd edib ki, qeyri-leqal dini təbliğat adətən fərqli adlar altında aparılır.
"Bəzən ən məsum formanın arxasında belə mahiyyətcə dini radikalizm dayana bilər və belə halların aşkarlanmasında yaxud ən azından təbliğ edilməməsində medianın rolu böyükdür. Bunun üçün dini mövzuları işıqlandıran jurnalistlərin özləri sahəni yaxşı bilməlidirlər. Necə ki, bizdə iqtisadi jurnalistika, idman jurnalistikası, mədəniyyət jurnalistləri var, eləcə də dini jurnalistika da ixtisaslaşmış olmalıdır".
Qeyd edək ki, konfrans "Global Media Group"un media dəstəyi ilə keçirilir.
Oxşar xəbərlər
Güclü külək qərb bölgəsinin bir sıra ərazilərini işıqsız qoydu
Güclü külək qərb bölgəsinin bir sıra ərazilərini işıqsız qoyub. Belə ki, Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti nəticəsində elektrik enerjisinin veriliş...