Əlilliyi olan daha 1600-dən çox şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib

Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 1628 nəfər əlilliyi olan şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib.
Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Bu xidmətlərə həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, əmək terapiyası daxildir.
Səyyar formada göstərilən reabilitasiya xidmətlərindən yaşayış yerini tərk etməkdə çətinlik çəkən əlilliyi olan şəxslər yararlana bilər. Bunun üçün həmin şəxs (və ya onun qanuni nümayəndəsi) nazirliyin "142" Çağrı mərkəzinə, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir.
Müraciət əsasında Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqada əlilliyi olan şəxsin yaşadığı ünvanda onun ilkin müayinə və qiymətləndirməsini aparır.
Vətəndaşın faktiki vəziyyəti səyyar xidmətə cəlb edilən diaqnozlara uyğun olduğu halda həmin şəxslə bağlı fərdi plan tərtib edilərək müəyyən olunmuş müddət ərzində ona yaşadığı ünvanda reabilitasiya xidmətləri göstərilir.
Oxşar xəbərlər
Göbələkdən ZƏHƏRLƏNSƏK nə etməliyik?
Vəhşi göbələkləri yemək təhlükəlidir. Evdə və bağlarda görünən göbələkləri yalnız bazardan alınanlara bənzətmək olmaz. Hətta toxunuş və görünüş əsasında zəhərli...
