Düşmənin çox sayda əsgər və zabitini məhv edən - Milli Qəhrəman Mübariz İbrahimov

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun şəhid olmasından 11 il ötür.
BAKU.WS xəbər verir ki, Azərbaycan Milli Ordusunun giziri olmuş Mübariz İbrahimov 7 fevral 1988-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Rəsmi olmayan məlumata görə, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olur.
Mübariz İbrahimovun şəhid olmasına baxmayaraq, Ermənistan onun cəsədini 141 gün saxlayıb. Mənfur ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımlamışdılar.
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Azərbaycan tərəfinə təslim edilib.
Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb və nitq söyləyib. Sonra şəhid, qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktə...
