Dəmir yolu xətti boyu təhlükəli məskunlaşma – 543 nəfər hər gün ölümlə üz-üzə qalır

Dəmir yolu xətti boyu təhlükəli məskunlaşma – 543 nəfər hər gün ölümlə üz-üzə qalır
Sosial 538

Nərimanov rayonu ərazisində yerləşən Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında 161 qeyri-qanuni tikili müəyyən edilib. Ərazidə yaşayan 543 nəfər gündəlik təhlükə ilə üz-üzədir.

BAKU.WS-in məlumatına görə, Nərimanov rayonu ərazisində, Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında illərdir davam edən qanunsuz məskunlaşma problemi təhlükəli hal alıb.

Araşdırmalar göstərir ki, bu insanlar ölkənin müxtəlif yerlərindən, 40 şəhər və rayondan toplaşıb. Onlardan sadəcə 12-si keçmiş məcburi köçkün statusu daşıyır. Maraqlı faktlardan biri isə odur ki, 54 ailənin başqa ünvanda evi var, 11 nəfər isə burada yaşamadığı halda, tikililəri kirayəyə verib.

Qanunsuz tikililər dəmiryolunun mühafizə zolağında yerləşdiyi üçün bu, həm nəqliyyat infrastrukturuna zərər vurur, həm də orada qanunsuz yaşayan insanların həyatı üçün ciddi təhlükə mənbəyidir. Onu da qeyd edək ki, mühafizə zolağında yüksək gərginlikli elektrik xətləri var və belə ərazidə yaşamaq xərçəng də daxil olmaqla bir sıra təhlükəli xəstəliklər yaradır. 

Son 3 ildə həmin zolaqda baş verən çoxsaylı bədbəxt hadisələr nəticəsində 30-dan artıq insan həyatını itirib və ya ağır xəsarət alıb. İstər uşaqların relslərə çıxması, istərsə də qəza nəticəsində dağılan hasarlar bu riskin real olduğunu sübut edir.

Bundan başqa qanunsuz məskunlaşma olan əraziyə nə təcili tibbi yardım, nə də yanğınsöndürən maşınlar keçə bilir. Bu isə hər an baş verə biləcək fövqəladə hal zamanı fəlakətin miqyasının katastrofik şəkildə böyüməsi riskini artırır. 

Son xəbərlər