Bu gün Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunur

Bu gün Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunur
Sosial 38

İyunun 23-ü Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd edilir. Bu tarix Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis olunub.

Peşə bayramının məhz 23 iyuna təsadüf etməsi dövlət qulluğunun demokratik və hüquqi dövlət quruculuğundakı əhəmiyyəti, eləcə də BMT Baş Assambleyasının həmin günü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan etməsi ilə əlaqədardır.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləri olub. Onun rəhbərliyi dövründə dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatlar ölkədə hüquqi dövlət quruculuğunun əsasını təşkil edib. Sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatlar davam etdirilərək dövlət idarəetmə sistemi daha da təkmilləşdirilib.

Müstəqillik illərində ölkədə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması məqsədilə bir sıra yeni qurumlar yaradılıb, mövcud strukturların fəaliyyət mexanizmləri yenilənib, onların səlahiyyət və funksiyaları dəqiqləşdirilib.

Dövlət qulluğu sahəsində ən mühüm addımlardan biri 21 iyul 2000-ci ildə "Dövlət qulluğu haqqında" Qanunun qəbul edilməsi olub. Həmin qanun dövlət qulluğu üzrə vahid siyasətin formalaşdırılmasına, kadr hazırlığı prinsiplərinin müəyyənləşdirilməsinə, dövlət qulluqçularının hüquq və vəzifələrinin tənzimlənməsinə hüquqi zəmin yaradıb. Sonrakı dövrdə sənəd dəfələrlə təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılıb.

Bu sahədə aparılan islahatların davamı olaraq Prezident İlham Əliyevin 23 noyabr 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya" təsdiq edilib. Strategiya çərçivəsində dövlət orqanlarının strukturunun təkmilləşdirilməsi, insan resurslarının idarə olunması sisteminin gücləndirilməsi, dövlət qulluqçularının peşəkar inkişafı və məlumat bazalarının yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Hazırda dövlət qulluğu sahəsində aparılan islahatlar idarəetmənin effektivliyinin artırılmasına, dövlət qulluqçularının peşəkarlığının yüksəldilməsinə və onların hüquqi təminatlarının gücləndirilməsinə xidmət edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər