"Bravo"nun adından saxta mesajlar yayılır - XƏBƏRDARLIQ

Bravonun adından saxta mesajlar yayılır - XƏBƏRDARLIQ
Sosial 279

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Bravo” supermarketlər şəbəkəsinin adından həyata keçirilən “fişinq” kampaniyası ilə bağlı xəbərdar edib.

BAKU.WS xəbər verir ki, qurum bəyan edib ki, istifadəçilərə onların fərdi məlumatlarını ələ keçirmək məqsədilə “WhatsApp” üzərindən şəbəkənin adından saxta mesajlar göndərilir.

Mesajlarda “Bravo”nun yeni filialının açılması münasibətilə 400 manatlıq hədiyyə kuponu vəd olunur və onlardan göndərilən linkə daxil olaraq “sorğu”da iştirak etmələri istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir. Bununla yanaşı, istifadəçidən həmin mesajı nömrə siyahısında olan digər “WhatsApp” istifadəçilərinə göndərməsi tələb olunur.

Bu kimi kiberhücumlarda məqsəd saxta reklam baxışları toplamaqla asan yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.

İstifaçilər aldıqları hər mesaja şübhə ilə yanaşmalı və cəlbedici vədlərə aldanaraq ani hərəkət etməməli, hədiyyə, pulsuz bonus və mükafat təklif edən vədlərə etimad etməməli, şübhəli keçidlərə daxil olmamalı, hər zaman məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə edərək yoxlamalı, hər hansı şirkət, qurum və yaxud təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmalı, doğruluğundan əmin olmadıqları mesajları digər şəxslərə yönləndirməməli, onlara yönləndirilən mesajlara etibar etməməli, ətrafınızdakı şəxsləri də bu kimi elektron təhlükələr barədə məlumatlandırmalı, həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verməlidirlər.

Son xəbərlər