BNA sözçüsü Mais Ağayev tənqid edənləri bu üsulla “cəzalandırır”
Son zamanlar Bakı Nəqliyyat Agentliyindən narazılıqlar getdikcə artır. Vətəndaşlar kütləvi narazılıqlarını sosial şəbəkələrdə paylaşırlar.
Dünən Əməkdar artist Ədalət Şükürov BNA-nı sərt tənqid etmişdi. Müğənni bildirib ki, yol hərəkətinə nəzarət BNA-ya veriləndən sonra pisləşib.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə ittihama cavab vermək əvəzinə müğənninin il ərzində dayanma-durma qaydalarını pozduğu üçün ödədiyi cərimələrin sayını, yəni şəxsi məlumatlarını ictimaiyyətə yayıb.
BNA rəsmisi bildirib ki, müğənni yol hərəkət qaydalarını bir ildə 11 dəfə pozub.
Bir halda ki, Ədalət Şükürov qayda pozuntularına görə cəriməni vaxtında ödəyib, onun BNA-nın rəsmisi tərəfindən ictimaiyyətə açıqlanmasına nə lüzum var?
Əslində isə M.Ağayev bu addımı ilə qurumu haqlı tənqid edən Ədalət Şükürovu cəzalandırmış, eyni zamanda da gələcəkdə bu cür addım atacaq potensial sürücüləri şantaj etmiş oldu.
Yəni bizi haqlı-haqsız ümumiyyətlə tənqid etməyin. Əks halda şəxsi məlumatlarınızdan hamının xəbəri olacaq.
M.Ağayev tənqidlərə cavab vermək əvəzinə tənqid edən şəxsin qayda pozuntularını yaymaqla hüququ pozmuş olur. Ekspertlərin fikrincə, bu addımına görə M.Ağayev hüquqi məsuliyyət daşıyır.
Vəkil, hüquqşünas Adəm Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, dövlət qurumunun bu addımı tanınmış şəxsin bilərəkdən və qərəzli şəkildə nüfuzdan salınması deməkdir.
“Onlar guya öz aləmlərində Ədalət Şükürovun tənqidlərinə cavab veriblər. Bu, cavab deyil! Belə addımlar dövlət müəssisəsində çalışan şəxsin başıpozuqluğudur. Burada söhbət BNA-da çalışanların özbaşınalığından gedir.
Əgər hansısa vətəndaş dövlət qurumunu ittiham edirsə, ona normal, tənqidə uyğun cavab verilməlidir.
Nəzərə alın ki, Ədalət Şükürov da Azərbaycan vətəndaşıdır. Ədalət Şükürova verilən bu cavab dövlət qurumunun vətəndaşa olan münasibətidir.
Siz vətəndaşlarla belə davranırsız? Əgər BNA-nın əlində başqa faktlar olsaydı, onu da yayardılar. Onlar nə desən etməyə hazırdırlar.
Bu, cinayət deyil, ictimai təhlükəli, dəhşətli əməl deyil. Bu pozuntunu hamı edə bilər. Belə yol qaydası pozuntularına mən də yol vermişəm.
Çünki avtomobili harada saxlayacağımızı bilmirik. Hərə özü üçün bir yer ayırır. Yaxşı, maşını harada saxlayaq? Bundan başqa, elə yerlər var ki, orada konkret olaraq "yolda saxlamaq qadağandır" işarəsini də qoymurlar.
Onu da qeyd edim ki, Ədalət müəllim onları məhkəməyə versə, BNA əməkdaşı hüquq qarşısında cavab verməli olacaq.
Mülki Qanunvericiliyin müvafiq qanuni ilə bu məsələ tənzimlənir. Burada şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirməklə maddəsi ilə iddia qaldırmaq olar”, - deyə Adəm Məmmədov bildirib.
Qeyd edək ki, dünən Ədalət Şükürov “İnstagram”da paylaşdığı videoda BNA-nı belə tənqid etmişdi:
“Əziz dostlar, mən yarım saat "20 Yanvar" dairəsində tıxacda idim. Bakı Nəqliyyat Agentliyi təzə bir “yem” tapıb.
Bunlar heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar. Bunların başqa işi yoxdur.
Mən bilmirəm, BNA nə ilə məşğuldur. Onları bir dəfə də olsun "20 Yanvar" dairəsində görməmişəm. Sağ olsunlar, Dövlət Yol Polisi həmişə burda fəaliyyət göstərir. Onlar olmasa nə olar? BNA ancaq pul yığır”, - deyə Ədalət Şükürov videoda bildirib.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü isə ittihama birbaşa cavab vermək əvəzinə müğənnini qarşılıqlı şəkildə ittiham edib və onun şəxsi məlumatlarını lüzum olmadığı halda yayıb.
BNA rəsmisi bildirib ki, müğənni yol hərəkət qaydalarını bir ildə 11 dəfə pozub. Ədalət Şükürov isə BNA-nın açıqlamasına məntiqli cavab verib:
“Yol hərəkət qaydalarını bir ildə 11 dəfə pozmağım şəxsən mənim üçün normal bir haldır. Gündə 200-300 dəfə qaydanı pozmamışam ki, BNA bunu bu dərəcədə şişirdərək təqdim edir.
Başqalarına baxanda buna “şükür” demək olar. Qaydanı pozmuşamsa, gedib vaxtında da cəriməmi ödəmişəm. Cəriməni ödəməkdən yayınıb heç yerə qaçmamışam.
Qaydanı pozmuşam, təqsirkaram, cəriməni də ödəmişəm. BNA-nın rəhbərliyinə mənim heç bir etirazım yoxdur. 11 dəfə yol hərəkət qaydalarını pozmağımın da videoda toxunduğum mövzuya heç bir dəxli yoxdur.
BNA ilə də heç bir şəxsi qərəzim ola bilməz. Yeri gəlmişkən, onu da bildirim ki, BNA-da mənim çox sayda yaxın dostlarım çalışır.
Sadəcə BNA işçiləri yolunu “20 Yanvar” dairəsindən salsınlar. Görsünlər ki, orada necə özbaşınalıqlar baş verir. O dairə çox pis vəziyyətdədir. BNA diqqətini ora ayırsın”.
Xatırladaq ki, Ədalət Şükürovdan əvvəl də bir çox tanınmış BNA-ya sərt tənqidlər ünvanlamışdı.Belə ki, millət vəkili Fazil Mustafa, tanınmış aparıcı İlkin Həsəni, Xalq artisti Ramiz Məlik, aparıcı Zümrüd Bədəlova və digər şəxslər BNA-nın fəaliyyətindən narazılıqlarını açıq şəkildə ifadə ediblər.
Fazil Mustafa Milli Məclisin iclasında bildirib ki, BNA paytaxtın bir çox yollarını nəzarətsiz buraxıb:
O, dayanacaqların yuyulmadığını, əksər hallarda piyada keçidlərinin rənglənmədiyini vurğulayıb:
"Əvvəllər DİN-də olanda bu işlər operativ olaraq görülürdü. Ancaq indi diqqət edirəm ki, ölkə prezidentinin, yaxud da vəzifəli şəxslərin keçdiyi yolları sahmana salırlar.
Məsələn, Sabunçu rayonunun əksər qəsəbələrində bu zolaqlar çəkilmir. Düşünürəm ki, bununla bağlı məsələlərə diqqət edilməlidir”.
Tanınmış aktyor Ramiz Məlik isə bildirib ki, paytaxtda zərurət səbəbindən avtomobillərin saxlanması hallarında da BNA əməkdaşları gizlicə çəkib qaçırlar.
Tanınmış aparıcı İlkin Həsəni isə yollardakı vəziyyətin bərbad olduğundan şikayətlənən video paylaşmışdı.
“Yenə həftəsonu “Gənclik Mall”un qarşısında tıxac, dərəbəylik, avtorgiya, bir sözlə, hər şey var. Avtomobilləri saxlayıb gediblər.
Taksilər dayanacağı zəbt edib. Bu insanlara və sürücülərə görə tıxacda qalırıq. Əslində BNA-nın son illər ərzində gördüyü işləri ən çox alqışlayanlardanam.
Cərimələmək səlahiyyətini əldə edəndən sonra düşündüm ki, ilk səliqə-səhman “Gənclik Mall”un qarşısından başlayacaq, amma...”
Qeyd edək ki, aparıcı videonun sonunda Bakı Nəqliyyat Agentliyinə kinayəli salam göndərib.
Aparıcı Zümrüd Bədəlovanın Bakı Nəqliyyat Agentliyini tənqid etməsinə zəmin yaradan isə onun idarə etdiyi avtomobilin saxladığı yerdən aparılmasıdır.
Zümrüd hadisədən sonra sosial media hesabında quruma qarğış dolu status yazıb:
"Allah sizin bəlanızı versin. Hansı qanunda indi maşını yerindən tərpədirlər, ay insafsızlar? Duxunuz çatırdı, qabağındakı bahalı maşını da aparardınız.
Sizi görüm elə hala düşəsiniz ki, əziziniz öləndə onu aparmağa maşın tapmayasınız. BNA - qanunsuz, iş bilmədən millətin pulunu yeyənlər!"
Çox qəribədir ki, BNA rəsmisi Mais Ağayev onları tənqid edən digər tanınmışları da eyni üsul ilə “zərərsizləşdirmək” istəyib.
BNA sözçüsü tənqidlə çıxış edən digər tanınmışların da cərimələrini, yol verdikləri qayda pozuntularını sosial şəbəkələrdə yaymışdı.
Şikayət edən tanınmış şəxslərin bəziləri BNA sözçüsünün cavabından sonra ya sosial şəbəkələrdəki paylaşımlarını silmişlər, ya da sözlərini dəyişərək yumşaq bir paylaşımla kifayətlənmişdilər.
Son olaraq bildirmək istəyirik ki, BNA sözçüsünün tənqidlərə bu cür yanaşması ilə paytaxtımızdakı nəqliyyat problemlərini aradan qaldırmaq mümkün olamayacaq. İşləyərək problemləri real şəkildə həll etmək lazımdır.
Oxşar xəbərlər
Ədalət Şükürovdan BNA-ya cavab: “Qayda pozmuşamsa..."
Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin haqqında səsləndirdiyi ittihamlara cavab verib. BAKU.WS xəbər verir ki, məsə...