Bayram ərəfəsində üçüncü devalvasiya olacaq
"Bayram ərəfəsində üçüncü devalvasiya olacaq” BAKU.WS-in məlumatına görə, bu fikri "Yeni Müsavat”a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə səsləndirib. Partiya sədri bildirib ki, üçüncü devalvasiya qaçılmazdır. Bəs, görəsən bu iddialara iqtisadçılar nə deyir? Yeni il bayramı öncəsi baş verən devalvasiya Novruz bayramı öncəsi də baş verə bilərmi? "Yeni Müsavat”a açıqlamasında bu proqnozlara münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov iqtisadi şərtlərin devalvasiyanı qaçılmaz etdiyini bildirdi: "Mən düşünmürəm ki, devalvasiyanın bayramlarla hər hansı əlaqəsi var. Amma üçüncü devalvasiya təhlükəsi var. Bu gün Mərkəzi Bankın dövlət rezervləri azalır. Düzdür, güman olunur ki, fevral ayında AMB-nin rezervlərində kəskin azalmalar olmayacaq. Bu da bazarda dollara təklifin çox olması ilə bağlıdır. Ancaq buna rəğmən, Mərkəzi Bank hələlik çalışır ki, bazarda təklifi artırmaqla öz valyuta ehtiyatlarına qənaət etsin. Xüsusən də manatın dollara nisbətdə məzənnəsini cüzi də olsa möhkənləndirməklə, psixoloji olaraq bazara təsir göstərməyə çalışır. Bu da ona gətirib çıxarır ki, bir tərəfdən xeyli baha və yüksək kursla dollar almış vətəndaşlarımızın bir qismi öz valyutalarını manata çevirirlər, digər tərəfdən də öz vəsaitlərini tamamən dollarlaşdırmış vətəndaşlar da cari xərclər üçün manat almaq məcburiyyətində qalırlar. Yanvar ayı ilə müqayisədə Mərkəzi Bankın fevral ayında bazara daha artıq valyuta çıxarması müşahidə olunur. Bu, Mərkəzi Banka öz rezervlərinə qənaət etmək imkanı verir”. "Mərkəzi Bankın rezervlərinin həcmi azdır” deyən iqtisadçı vurğuladı ki, bazarda dollar təklifi azalarsa, Mərkəzi Bank uzun müddət valyuta bazarında valyuta çıxartmaq imkanına malik olmayacaq: "Digər tərəfdən valyutaya tələbi də nəzərə alsaq, Azərbaycanda idxalın həcmi 9 milyard dollar ətrafındadır. Bunun bir qismi güzəştli idxaldır. Ancaq təbii ki, qeyri-rəsmi idxal da buraya daxildir. Orta hesabla hər il 9 milyard dollarlıq xarici məhsul istehlak edirlər. Bu isə ölkədən hər il 9 milyard dolların çıxması anlamına gəlir. İdxalla məşğul sahibkarların ümumilikdə təxminən bu qədər vəsaitə ehtiyacı olacaq. Həmçinin vətəndaşlar qazandırları pulları leqal şəkildə ölkədən çıxarmaq imkanına malikdirlər. Tədiyə balansında ölkədən çıxan valyutanın da həcmini müəyyənləşdirmək imkanı var”. V. Bayramovun fikrincə, devalvasiya Mərkəzi Bankın qarşıdakı aylarda valyuta bazarında necə davranmasından asılı olacaq: "Ona görə də, devalvasiyanın olub-olmayacağı birbaşa olaraq Mərkəzi Bankın real üzən məzənnə rejiminə keçib-keçməyəcəyindən asılı olacaq. Əgər Mərkəzi Bank real üzən məzənnə rejiminə keçəcəksə, mövcud administrativ inzibati üsullardan istifadə etməyəcəksə, bazarın manatın məzənnəsini müəyyənləşdirməsinə imkan verəcəksə, o zaman təbii ki, milli valyuta dollara nisbətən dəyər itirəcək. Ancaq Mərkəzi Bank mövcud siyasətini davam etdirərsə, o zaman xarici valyuta ehtiyatlarından, eləcə də psixoloji metodlardan istifadə etməklə manatın məzənnəsini müəyyən qədər saxlaya bilər. Manatın məzənnəsi birbaşa olaraq, Mərkəzi Bankın seçdiyi siyasətdən asılı olacaq”. İqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, manata təzyiqlər artır və milli valyuta dəyər itirməyə məhkumdur: "Azərbaycan manatına olan təzyiqlər ölkənin gəlirləri və valyuta ehtiyatlarının azalması ilə ölçülür. Görünən odur ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində Azərbaycanın gəlirləri azalır. Neftin qiymətinin 30-35 dollar civarında dəyişməsi yanvar-fevral aylarında gəlirlərin azalmasına səbəb olacaq. Azərbaycan ixracatının təxminən 95 faizinin enerji məhsullarından ibarət olduğunu nəzərə alsaq, gəlirlərimiz azalan tendensiya üzrə davam edəcək. Bu isə manata olan basqını artırır və növbəti dəfə manatın dəyərdən düşməsinin şahidi olacağıq. Bunun hansı tarixdə olması isə hökumətin verdiyi qərardan asılı olacaq. Ola bilər ki, hökumət iki kəskin devalvasiyadan sonra daha yumşaq şəkildə bunu həyata keçirməyə çalışacaq və hər ay 5-10 faiz devalvasiyaya getsin. Hər ehtimal masadadır. Hər halda hökumət də növbəti dəfə kəskin devalvasiyaya getmək istəməz. Çünki bu iqtisadiyyata çox ağır nəticələr verir. Daha yumşaq formada, həftəlik, aylıq ucuzlaşma şəklində manatın dəyərdən düşməsi həyata keçirilə bilər. Bu hökumətin verəcəyi qərardan asılı olacaq. Manata basqılar davam edir və milli valyutanın uzun müddət indiki səviyyədə qalması mümkünsüz görünür”. BAKU.WS
Oxşar xəbərlər
İlhamə Quliyeva: "Mənim xalqıma devalvasiyanın dəxli yoxdur"
Manatın dəyərdən düşməsi qiymət artımına, bir çox məkanların bağlanmasına və insanların işsiz qalmasına səbəb olub. Dünyanın bir çox ölkələrində sənət adamları...