Başımızın üzərində dayanan təhlükə - Bakıda yeni kran faciələri ola bilər

Başımızın üzərində dayanan təhlükə - Bakıda yeni kran faciələri ola bilər
Sosial 162

"Xoşbəxtlikdən hadisə yaşayış binalarının sıx inşa edildiyi ərazidə baş verməyib. Amma bu gün yaşayış binalarının sıx inşa edildiyi ərazilərdə tikinti işləri aparılır".

Ötən həftə Bakının Nərimanov rayonunda Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində inşa olunan yeni tikilidə kran aşdı. Tikinti şirkətlərindən birinə məxsus qülləli kranın yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşması paytaxt sakinləri arasında narahatlığa səbəb olub.

Qeyd edək ki, Bakıda, demək olar ki, bütün rayonlarda tikinti işləri aparılır, binalar ucaldılır. Müşahidələr göstərir ki, tikinti şirkətlərinin çoxu krandan istifadə ilə bağlı tələblərə əməl etmirlər. Binaların tikintisində istifadə olunan kranların qolu çox vaxt küçələrin, yaxud da ətrafdakı yaşayış binalarının üstündə dayanır. Bu isə həmin ərazidən keçən insanların həyatını təhlükə altına atır. Paytaxtda baş verən son hadisə zamanı kranın yaşayış olan binanın üstünə aşması isə bu narahatlığı daha da artırıb. Odur ki, Sputnik Azərbaycan paytaxtda göydələnlərin inşası zamanı istifadə edilən kranların təhlükəsizlik məsələsini araşdırıb.

Apardığımız müşahidələr göstərdi ki, paytaxtda yeni tikilən göydələnlərin əksəriyyətində kranın qolu küçələrə, eləcə də yaxınlıqdakı tikililərin üzərinə düşür. Bakının Həsən Əliyev küçəsində inşa edilən tikilidə istifadə edilən kranla bağlı hansı təhlükəsizlik tədbirlərinin görüldüyünü öyrənmək üçün tikintinin aparıldığı əraziyə daxil olmaq istəsək də, mühafizəçi iş icraçısının yerində olmadığını bəhanə edərək bizi əraziyə buraxmadı. Paytaxtdakı digər yeni göydələn inşa edilən ərazilərdən isə, demək olar ki, eyni cavabı aldıq: "Ərazidə tikinti işləri aparıldığı üçün içəri daxil olmaq qadağandır".

Müşahidələr zamanı məlum oldu ki, hadisənin baş verdiyi ünvana yaxın bir neçə tikinti şirkəti yaşayış binası inşa edir. Onların çoxu kranların təhlükəsizliyi ilə bağlı sualımızdan yayınsa da, Mövsüm Sənani küçəsində bina inşa edən "Sipark İnşaat"ın nümayəndəsi tikintinin aparıldığı ərazidə kranın qolunun küçəyə düşməsi ilə bağlı sualımızı cavabsız qoymadı. Nəzarətçi bildirdi ki, kranın təhlükəsizliyi üçün ərazidə bina tikilməzdən öncə betonlama işi aparılıb:

"Kranın qolunun küçəyə düşməsi bəzən insanları narahat etsə də, onun təhlükəsizliyi ilə bağlı qaydalara əməl edilirsə, bu, heç bir təhlükə yaratmır. Sadəcə olaraq tikinti şirkətləri bu qaydalara əməl etməlidirlər ki, tikintidə istifadə edilən kran həm inşaatda işləyənlərin, həmçinin də ətrafda yaşayan, küçədən keçən insanların həyatı üçün təhlükə yaratmasın".

"Sipark İnşaat"ın nümayəndəsi Nural İbrahimov rəsmi açıqlamasında bildirib ki, kran tikinti sahəsinə qoyulmazdan öncə yerinə baxış keçirilməlidir. Tikinti və kran üçün əlverişli yer seçilməlidir: "Bəzən insanlar tikintinin aparıldığı yerlərdə krandan ehtiyat edirlər, buna görə narahatlıq keçirirlər. Bu isə, sözsüz ki, əbəs yerə deyil.

Çünki son baş verən hadisə göstərdi ki, belə halların təkrarlanması qaçılmazdır. Amma insanlar bilməlidirlər ki, kranın quraşdırılması və ona texniki baxışla bağlı tələblərə əməl edilərsə, bu qurğu insan həyatı üçün təhlükə yaratmır. Qeyd etdiyim kimi, kran üçün əlverişli zona seçildikdən sonra 11-12 metr dərinliyində, 6x3 metr ölçüdə qazıntı aparılır. Ondan sonra yerə sıvay vurulur. Armaturdan karkaz toxunur, yerə beton tökülməzdən öncə, kranın ayaqları bərkidilir".

Ekspert bildirir ki, kranın hündürlüyünə müvafiq olaraq həmin hündürlükdən 3 metr fərq ilə beton tökülməli, metal konstruksiya yığılmalıdır. Bundan sonra kranın ayaqları bərkidilməlidir.

Həmsöhbətimiz onu da qeyd edir ki, seksiyalar qalxdıqca krana müəyyən metrlərdən bir bağlantılar verilməlidi: "Kranlar müxtəlif cürdür. İstehsal edildiyi ölkəyə görə fərqli olaraq krana bağlantılar verilə bilər. Bizim tikintidə istifadə edilən kran 70 metr hündürlüyündədir. Bu zaman iki bağlantının verilməsi mütləqdir".

N.İbrahimov bildirir ki, şirkətin daxilindəki podratçı kranın təhlükəsizliyinə nəzarəti təmin etməlidir: "Həmin podratçı 10 gündən bir tikintidə istifadə edilən kranı yoxlamalıdır. Çünki bu kranlar 7 tona qədər ağırlıqda yük qaldırılır. Bu zaman boltlarda boşalma, aralanma baş verir. Təhlükəsizlik üçün podratçı gəlib həmin boltları bərkitməli, aralanmanı aradan qaldırmalıdır. Ötən həftə baş vermiş hadisə zamanı da məhz səbəb boltlarda boşalma olub. Bu məsələdə məsuliyyətsizlik yolverilməzdir".

"Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin sədri Elnur Fərzəliyev açıqlamasında bildirib ki, yaşayış binalarının inşasında təhlükəsizliyə tikintiyə nəzarət edən aidiyyətli qurumlar tərəfindən nəzarət gücləndirilməlidir: "Bəzi tikinti şirkətləri var ki, onların bütün texnikaları var. Onlar bina inşa edərkən öz texnikalarından istifadə edirlər.

Əksər tikinti şirkətləri isə iş adamlarından ibarətdir. Onlar tikinti işlərini aparan şirkətlərlə müqavilə bağlayırlar. Bu zaman məsuliyyət düşür həmin podratçı tikinti şirkətlərinin üzərinə. Bu baxımdan tikinti şirkətləri bəzən məsuliyyətsiz ola bilir. Amma tikintiyə nəzarət edən qurumlar, buna nəzarət etməlidir. Tikintidə təhlükəsizliyə nəzarət gücləndirilməlidir".

E.Fərzəliyev deyir ki, Azərbaycanda 20 ildir, tikinti digər sahələrdən daha sürətli inkişaf edir. Bu baxımdan bu sahədə təhlükəsizliyə nəzarət gücləndirilməlidir.

Ekspert bildirir ki, çoxmənzilli binaların sıx olduğu yerlərdə kranla bağlı təhlükə daha da artır: "Xoşbəxtlikdən hadisə yaşayış binalarının sıx inşa edildiyi ərazidə baş verməyib. Amma bu gün yaşayış binalarının sıx inşa edildiyi ərazilərdə tikinti işləri aparılır. Yeni Yasamal, Həzi Aslanov, Xalqlar dostluğu ərazilərində, bu sıx massivlərdə kran aşsa, orada faciənin miqyası daha böyük ola bilər".

Fövqəladə Hallar Nazirliyindən isə tikintidə təhlükəsizliyə nəzarətlə bağlı sorğumuza cavab veriləcəyini söylədilər.

Xatırladaq ki, Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində inşa olunan yeni tikilidə kranın aşması nəticəsində kranın sürücüsü vəfat edib. Buna bənzər hadisə ötən il Günəşli qəsəbəsində tikintisi aparılan binaların birində baş vermişdi.

Son xəbərlər