Gecə 02:00-da evində yata bilməyən sakinlər fəryad edir - VİDEO

Gecə 02:00-da evində yata bilməyən sakinlər fəryad edir - VİDEO
Foto Video
Sosial 1968

Səbail rayonunda pilot layihə icra edən "Sabah Residence" yaşayış kompleksi sakinlərin istirahətinə problem yaradıb.

Bu barədə BAKU.WS-in "qaynar xətt"inə Səbail rayonu, Xanlar küçəsi 10 ünvanında yerləşən sakinlər şikayət məktubu göndəriblər.

Məktubda sakinlər qeyd ediblər ki, yaşayış kompleksinin tikintisində bir sıra hüquq pozuntularına yol verilir. Belə ki, həmin yaşayış kompleksinin tikintisi fasiləsiz həyata keçirilir. Fasiləsiz tikinti işləri gecə vaxtı da həyata keçirildiyindən günün 24 saatı tikinti işləri səsindən normal yaşayış şəraiti pozulur. Xüsusilə gecə vaxtı görülən işlərin səsi sakinləri narahat edir, istirahət etmə imkanlarını əllərindən alır.

Binada cəmiyyətin xüsusi qayğı tələb edən təbəqəsi – körpələr, yaşlılar da yaşayır, gecə vaxtı görülən işlər xüsusilə həmin təbəqədən olan şəxslərin narahatlığına, psixi və sağlamlıq vəziyyətinin gərginləşməsinə səbəb olur.

Sakinlər qeyd edib ki, yaşayış kompleksində aparılan tikinti işləri Azərbaycan Respublikasının Konstitusiyasının 39.1-ci maddəsi ilə müəyyən edilmiş sağlam ətraf mühitdə yaşamaq hüququmuzu da pozur. Belə ki, həmin yaşayış kompleksində aparılan tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş tikintiyə dair tələblərə uyğun aparılmır.

Həmin Məcəllənin 57.2.4-cü maddəsinə əsasən, tikinti obyekti səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddini keçməməsi tələbinə əməl edilməklə layihələndirilməli və ya tikilməlidir. Lakin binanın yaxınlığında aparılan tikinti işləri gecə-gündüz, vaxt fərqi qoyulmadan güclü səs müşayiəti ilə sakinlərin sağlamlıq vəziyyətinə mənfi təsir göstərir.

Mövcud durumu nəzərə almayan "Sabah Residence" yaşayış kompleksi ilə əlaqə saxladıq və sakinlərin iradlarının nə qədər doğru olmasını aydınlaşdırmağa çalışdıq. "Sabah Residence"in ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri Nemət Babayev BAKU.WS-ə bildirdi ki, ağır tonnajlı maşınlar şəhərə axşam buraxıldığı üçün tikinti işlərinin axşam keçirilməsi zəruri olub: “Əvvəla, onu qeyd edim ki, bu proyekt pilot layihədir. Bizim əsas mövqeyimiz budur ki, tikintini tez bir zamanda başa çatdıraq və evləri sakinlərə təhvil verək. Çünki bu binanın köhnə sakinləri hazırda kirayədə qalırlar və ona görə də binanı tez bir zamanda təhvil verməyə məcburuq.

O ki qaldı gecə vaxtı işləməyə, yük maşınlarının şəhərə buraxılmasına axşam 20:00-dan sonra icazə verilir. Bu, dövlətimiz tərəfindən qoyulmuş bir qaydadır. Ayda 2-3 dəfə inşaata beton verilməlidir. Həmin günlər ola bilsin ki, beton gələn zaman işlər saat 23:00, 00:00, 01:00-a kimi getsin. Bu hamıya aydındır ki, gündüzlər ağır tonnajlı avtomobillərin şəhərə girişi qadağandır.

Pilot layihənin tikinti işləri 2018-ci ilin noyabr-dekabr aylarından başlayıb. Təqribən bu ilin sonuna kimi beton işlərinin başa çatması planlaşdırılıb”.

Sakinlər və tikinti şirkəti arasında yaranan narazılıq fonunda ekspertə müraciət etdik. Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə BAKU.WS-ə qeyd edib ki, tikinti işlərinin gecə aparılması həm sakinlərin istirahətinə problem yaradır, həm də fəhlələrin həyatını təhlükəyə atır: “Əvvəla, onu deyim ki, istehsalatda baş verən qəzaların böyük hissəsi tikintidə baş verir. Tikinti təhlükə risklərinin potensialına görə, öndə gedir. Tikinti sektorunda insanların həyat və sağlamlığına zərər verəcək faktorların riski böyükdür. Bu səbəbdən tikintidə işlər gündüz vaxtı aparılmalıdır. Gecə vaxtı tikinti aparılması işçilərin həyatını təhlükəyə atmış olur.

Tikinti işlərini aparan şirkətlər və sahibkarlar gecə vaxtı işlərin aparılmasına yol verməməlidir. Ola bilər ki, bəzi işlər gecə görülsün. Misal üçün, tikintiyə hər hansı materiallar gəlir və onlar əraziyə boşaldılmalıdır. Çünki bu yük maşınları gündüzlər şəhərə daxil ola bilmirlər. Lakin tikintinin gecə aparılması əmək intizamının pozulması və işçilərin təhlükəyə atılmasıdır. Gecə vaxtı kranın işləməsi görünmə məhdudiyyəti yarandığı üçün işləyə bilməz. Gecə vaxtı fəhlənin suvaq və hörgü işini görməsi mümkün deyil. O, bu yolla həm özü, həm də digər fəhlələrin həyatını təhlükəyə atılmış olur.

Bundan əlavə tikintinin gecə aparılması ətrafdakı insanları da narahat edir. Buna sakinlərin etiraz etməsi haqlı narazılıqdır. Gecə vaxtı kranın işləməsi, laqondadan istifadə və drellərin işə salınması heç bir halda düzgün deyil. Bu insanların konstitusion hüququnun pozulmasıdır. Həm də orada çalışan işçilər üçün potensial təhlükə mənbəyidir. Tikinti şirkətləri də işini keyfiyyətli iş görmək istəyirsə, onun tikdiyi binanın satışında problem olmasını istəmirsə, bina keyfiyyətli inşa olunmalıdır. Gecə tikilən binanın keyfiyyətinin isə necə olması məlum məsələdir”.

Məlumat üçün bildirək ki, qeyd edilən yaşayış kompleksində aparılan tikinti işləri Azərbaycan Respublikasının Konstitusiyasının 39.1-ci maddəsi ilə müəyyən edilmiş sağlam ətraf mühitdə yaşamaq hüququnu pozur. Belə ki, həmin yaşayış kompleksində aparılan tikinti işləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş tikintiyə dair tələblərə uyğun aparılmır. Həmin Məcəllənin 57.2.4-cü maddəsinə əsasən, tikinti obyekti səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddini keçməməsi tələbinə əməl edilməklə layihələndirilməli və ya tikilməlidir.

Son xəbərlər