Balıq bazarında qiymətlər niyə artır?
Azərbaycanda balıq bazarında son aylarda həm çeşid azalması, həm də qiymət artımı müşahidə olunur.
BAKU.WS-in məlumatına görə, bu vəziyyətə bir neçə amil təsir göstərir. Balıq ovuna tətbiq olunan mövsümi qadağalar, regionda baş verən geosiyasi proseslər fonunda logistika sahəsində yaranan çətinliklər və yay mövsümünün spesifik şərtləri bazardakı vəziyyəti daha da mürəkkəbləşdirib.
Dənizdə ov qadağası tətbiq olunandan sonra təbii dəniz məhsullarının bazara çıxışı xeyli azalıb. Hazırda piştaxtalarda əsasən əvvəlcədən saxlanılmış və ya göl təsərrüfatlarından gətirilən balıqlar satışa təqdim olunur.
Hazırda əsasən göl balıqları satılır. Kütüm, ziyad və digər bəzi növlər bazarda demək olar ki, yoxdur. Qiymətlərdə də minimum 1-2 manat fərq yaranıb. Xüsusilə əvvəllər İrandan gətirilən balıqların qiymətində artım müşahidə edilir. Əvvəllər 10-12 manata satılan bəzi məhsullar hazırda 14 manata təklif olunur.
Alıcıların daha çox üstünlük verdiyi məhsullardan biri isə xanı balığıdır. Bunun səbəbi kimi balığın dad keyfiyyəti və istehlakçı zövqünə uyğunluğu göstərilir. Qiymətlər isə balığın növündən, çəkisindən və saxlanma şəraitindən asılı olaraq dəyişir.
Qeyd edək ki, yay mövsümündə balıq və balıq məhsullarının saxlanması əlavə xərc tələb edir. Soyuducu sistemlər, daşınma və gigiyenik şəraitin qorunması satış xərclərini artırır. Bu səbəbdən açıq bazarlarda və küçə ticarətində balıq satışına müəyyən məhdudiyyətlər tətbiq olunur ki, bu da nəticə etibarilə qiymət artımına təsir göstərir.
Oxşar xəbərlər
Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq
Sabah pensiyaların ödənilməsi yekunlaşdırılacaq. Bu barədə BAKU.WS-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, mayın 20-də respublika üzrə...