Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb?

Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb?
Video
Sosial 54

2026-cı ilin ilk aylarında Bakının daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur.

Şəhərin mərkəzi rayonları bazarda ən yüksək aktivliyi göstərir.

Baku TV bununla bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

"Mən tələbə olanda qiymətlər ucuz olduğu üçün rahatlıqla ev ala bilirdik. Amma indi balalarımıza kömək etməsək, necə ev alacaqlar?!", - vətəndaşlardan biri söyləyib.

Digər bir sakin isə qeyd edib:

"Mərkəzdə 80-100 mindən aşağı ev tapmaq çətin məsələdir".

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucun sözlərinə görə, fevral ayında Səbail, Yasamal və Nəsimi rayonları bazarın ən aktiv zonaları olub. Bahalaşmanın növbəti aylarda da davam edəcəyi gözlənilir:

"Köhnə mənzillərdə təqribən 2-2.5 %, yeni binalardakı mənzillərdə isə 3-3.5 % qiymət artımı baş verib. İl ərzində bu prosesin davamlı olacağını düşünürük. Təqribən köhnə tikililərdə 5-7 %, yeni tikililərdə isə 10-12 % arası qiymət artımı gözlənilir".

Qiymət artımının əsas səbəbi kimi bu rayonların mərkəzi ərazilərdə yerləşməsi, inkişaf etmiş biznes və xidmət infrastrukturu, həmçinin yeni tikinti layihələrinin investisiya baxımından cəlbedici olması göstərilir.

Son xəbərlər