Bakıda sudan qanunsuz istifadə halları aşkarlandı - REYD
Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə “Azərsu” ASC tərəfindən Binəqədi rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib.
"Azərsu"dan BAKU.WS-ə verilən məlumata görə, sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsində yerləşən 3 çoxmənzilli yaşayış binasında sudan uçotsuz istifadə faktları üzə çıxıb. Məlum olub ki, yeni tikilmiş yaşayış binalarının heç birinin su təchizatı xidmətindən istifadəyə görə texniki şərti mövcud deyil. Binaların su təchizatı yaxınlıqdakı şəbəkəyə edilmiş qanunsuz qoşulma ilə aparılıb. Belə ki şəbəkədən götürülən su binaların qarşısında quraşdırılmış çənlərə doldurularaq məzillərə vurulur.
Cavadxan küçəsi Pitomnik bağı kimi tanınan ərazidə isə bağın sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə suvarıldığı aşkarlanıb.
Binəqədi rayonunda ən çox su itkisi Dərnəgül qəsəbəsindəki məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yaranır. Burada vətəndaşlar tərəfindən tikinti normalarına uyğun olmayan fərdi su xətləri çəkilib. Sayğac quraşdırılmadığından su sərfiyyatı ailə üzvlərinin sayına görə hesablanır. Su itkilərini ölçmək üçün bu yataqxanaların hər birinə balans sayğacları quraşdırılıb.
Biləcəri qəsəbəsi, yeni yaşayış massivi adlanan ərazidə fərdi evlərin bir qismində sayğaclarının olmasına baxmayaraq, sakinlər yaxınlıqdan keçən magistral xətdən qanunsuz əlavə su xətti çəkiblər. O da məlum olub ki, bu işi təşkil edən bir qrup şəxs magistral xətt üzərində qanunsuz su kollektoru quraşdıraraq buradan qonşulara əlavə çıxışlar verirmiş.
Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönləndirilib. Bununla yanaşı, vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb.
Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək, sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 7682, Binəqədi rayonu üzrə isə 781 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 2 mln 55 min kubmetr, Binəqədi rayonu üzrə isə 225 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
Oxşar xəbərlər
İçməli sudan qeyri-qanuni istifadə edənlərə qarşı gecə reydləri olacaq - Xəbərdarlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə içməli su sahəsində göstərilən xidmətlərin keyfiyyəti...