Bakıda orta məktəb şagirdlərini "ölümə" aparan yol - Nə baş verir?
Binəqədi rayonu Biləcəri qəsəbəsi, Asəf Zeynallı 75 ünvanında yerləşən 299 saylı orta məktəbin qarşısında yolda hələ də piyadalar üçün vəziyyət təhlükəli olaraq qalır.
Bu barədə məktəbdə təhsil alan şagirdlərin valideynləri BAKU.WS-ə şikayətlərində bildiriblər. Çoxsaylı şikayətlərdə bildirilir ki, səhər saatlarında məktəbin qarşısı keçilməz vəziyyətdə olur.
Avtomobil səsi, eyni zamanda tıxac dərs prosesini pozur. Bundan başqa, şagirdlər yolu keçərkən maşın vurur.
"Dəfələrlə məktəbin qarşısında uşaqları maşın vurub. Bu barədə bütün qurumlara şikayət etmişik. Amma xeyri yoxdur", - deyə şikayətçilər bildiriblər.
Müəllimlər də, mövcud vəziyyətdən gileylənirlər. Məktəbin tarix müəllimi Elçin Nəzərov BAKU.WS-ə bildirdi ki, demək olar hər gün bu ərazidə gərginlik müşahidə olunur:
"Günün müəyyən saatlarında məktəbin qarşısında tıxac yaranır. Siqnal səsi, sürücülərin qışqırığı, ədəbsiz danışıqlar təhsil müəssəsində tədrisə mane olur. Hətta sərnişin avtobusları yollarını dəyişərək bu ərazidən keçirlər. Bununla da, yolda vəziyyət daha da pisləşir".
Qeyd edək ki, valideynlər və məktəb müəllimləri yolun birtərəfli olmasını tələb edirlər. Əgər yol birtərəfli olarsa, vəziyyət nisbətən yaxşılaşar.
Bununla bağlı məktəb rəhbərliyi bütün qurumlara müraciət edib. Bakı şəhər İcra Hakimiyyəti, Binəqədi rayon Yol Polisi İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumlardan məsələ ilə bağlı araşdırılma aparılıb və məsələ müsbət cavablandırılıb.
Bİldirilib ki, araşdırmalar zamanı həqiqətən sözügedən yolun piyadalar üçün təhlükəli olduğu məlum olub. Bu səbəbdən də, yolda hərəkətin birtərəfli təmin ediləcəyi bildirilib.
Lakin müraciətə cavab verilməsindən 6 ay müddət keçib, hələ də problem həllini tapmayıb. Sadəcə məktəbin qarşısında piyada zolağı çəkilib.
Bu da əhəmiyyətsizdir. Çünki həmin zolağa heç fikir verən də yoxdur. Əksinə, avtomobillər həmin zolaqda saxlanılır.
BAKU.WS olaraq adı çəkilən qurumlarla əlaqə saxladıq. Qurumlardan bildirildi ki, mövcud problemlə bağlı vəziyyət bir daha araşdırılacaq. Məsələ ilə bağlı rəsmi mövqe bildiriləcək.
Qeyd edək ki, aprel ayında eyni problemlə bağlı yazı hazırlamışdıq.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI
Balıq bazarında yerli məhsulların qiyməti xeyli ucuzlaşıb. Satıcıların sözlərinə görə, səbəb xarici balıqlara daha çox tələbatın olmasıdır. Balıq satışı üzrə mü...