Bakıda obyekt almaq neçəyə başa gəlir? - ŞOK RƏQƏMLƏR
"Bakıda obyekt almaq istəyənləri vahid qiymət gözləntisi gözləmir. Paytaxtın bir səmtində bir kvadratmetr obyektin qiyməti 800 manatdan başlayırsa, digər səmtində rəqəm 33 min manata qədər yüksəlir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, Bakının bəzi ərazilərində obyekt sahibi olmaq artıq lüks kateqoriyasına daxildir:
"Nəsimi rayonu bu siyahının zirvəsindədir. Burada qeyri-yaşayış obyektlərinin kvadratmetri 3 500 manatdan başlayaraq 33 min manata qədər yüksəlir. Ondan geri qalmayan Səbail rayonunda isə qiymətlər 6 900 - 30 000 manat aralığında dəyişir. Şəhərin mərkəzində yerləşən bu rayonlar həm biznes, həm də prestij baxımından ən çox tələb görən ərazilərdir.
Mərkəzdən bir qədər kənara çıxanda qiymətlər "nəfəs almağa" başlayır. Yasamal və Nərimanov rayonlarında obyektlərin kvadratmetri əsasən 3 400 - 16 800 manat, 3 600 - 15 500 manat arasında dəyişir. Xətai rayonu da bu siyahıda yer alır - burada qiymətlər 2 100 manatdan 12 800 manata qədərdir. Bu ərazilər mərkəz qədər bahalı olmasa da, yüksək gəlir potensialı ilə diqqət çəkir".
AQC sədri əlavə edib ki, Bakının digər ərazilərində isə tamam fərqli mənzərə var:
"Pirallahı rayonu paytaxtın ən ucuz obyektlərinin satıldığı ərazi kimi önə çıxır. Burada kvadratmetr qiyməti cəmi 800 - 1 500 manatdır. Xəzər və Qaradağ rayonlarında da qiymətlər nisbətən əlçatandır. Müvafiq olaraq 1 000 - 3 100 manat və 1 100 - 3 000 manat arasında dəyişir. Bu rayonlar daha çox uzunmüddətli plan quran və az büdcə ilə obyekt almaq istəyənlər üçün cəlbedici sayılır.
Orta seqmentdə isə Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonları yer alır. Bu ərazilərdə obyekt qiymətləri nə mərkəz qədər bahadır, nə də ucuz rayonlar qədər minimaldır. Sahibkarlıq üçün balanslı variant kimi dəyərləndirilir.
Bir sözlə, Bakıda mərkəzə yaxınlaşdıqca qiymətlər artır, kənara çəkildikcə isə azalır. Hansı rayonda obyekt almaq isə artıq puldan çox, sahibkarın planından və riskə yanaşmasından asılıdır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Maştağa sakinlərinin yol problemi niyə həllini tapmır?- RƏSMİ CAVAB
Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri uzun illərdir yol problemi ilə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara m...