Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR

Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Açıqlama
Sosial 87

"Paytaxtın daşınmaz əmlak bazarında da artım tendensiyası davam edir. Son 3 ayın nəticələrinə görə, yeni tikililərdə qiymətlər orta hesabla 3,6%, köhnə tikililərdə isə təxminən 2,4% artıb".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət yeni binalara tələbatın daha sürətlə yüksəldiyini göstərir:

"Bu artımı bir neçə faktorla izah etmək olar. Söküntü və yenidənqurma prosesləri, şəhərdə investisiya cəlbediciliyinin qorunması və yeni layihələrin sayının artmasını göstərkmək olar. Bu tendensiyanın 2030-cu illərə qədər davam edəcəyi ehtimal olunur.

Ən yüksək qiymət artımı mərkəzi və premium hesab olunan ərazilərdə qeydə alınır. Belə ki: Səbail, Yasamal və Nəsimi rayonlarında yeni tikililərdə aylıq artım 1%-dən çox, köhnə binalarda isə 0,8%-ə yaxın olub. Bu ərazilərdə 1 kvadratmetrin orta qiyməti 4500 manat civarındadır (bəzi elit binalarda bu rəqəm xeyli yüksəkdir).

Orta seqmentdə yerləşən rayonlarda - Nərimanov, Xətai və Nizami rayonlarında qiymətlər təxminən 2500 manat/m² ətrafındadır. Artım tempi nisbətən zəif olsa da, sabit şəkildə davam edir.

Daha münasib qiymətli ərazilərdə - Sabunçu və Qaradağ rayonlarında son bir ayda təxminən 6% artım qeydə alınıb. Bu ərazilərdə orta qiymət 1800 manat/m² civarındadır.

Hazırda bazarda ucuzlaşma müşahidə edilmir. Əksinə, qiymətlər artım tempinə görə fərqlənsə də, ümumi istiqamət yüksələn xətlə davam edir.

Beləliklə, həm premium, həm də orta seqmentdə mənzil bazarı aktiv olaraq qalır və yaxın dövrdə ciddi ucuzlaşma gözlənilmir".

Orxan Hüseyn

Son xəbərlər