Bakıda kirayə evlərin qiymətləri AÇIQLANDI – ekspert proqnozu
Avqust və sentyabr aylarında Bakıda kirayə mənzillərə tələbatın artacağı gözlənilir. Bu dövrdə xüsusilə tələbələrin mənzil bazarına təsirinin güclənəcəyi bildirilir.
BAKU.WS xəbər verir ki, bunu iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.
Ekspertin sözlərinə görə, mənzil alqı-satqısı və kirayə bazarında əsas aktivlik yay aylarının başa çatmasından sonra müşahidə olunur.
"Avqust və sentyabrın əvvəllərində hər il əlavə olaraq mövsümi şəkildə Bakı şəhərində 50 mindən artıq abituriyent tələbatı yaranır. Onların böyük bir hissəsi bölgələrdən Bakıya gəldiklərinə görə daşınmaz əmlak bazarının şəhər seqmentinə təsir edir. Bu da şəhər seqmentində çox böyük tələb yaradır. Tələb artanda təkliflərin məhdudluğu meydana çıxır və qiymət artımı baş verir", - V.Oruc bildirib.
Onun sözlərinə görə, bu il də həmin dövrdə qiymət artımının baş verəcəyi gözlənilir.
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti təqribən 7-10, 10-15 faiz qiymət artımını proqnozlaşdırır. Satılan və kirayə verilən mənzillərin sayında da avqust aylarında artım baş verəcək", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Bakıda kirayə mənzillərin qiyməti ərazidən asılı olaraq dəyişir. Ucqar ərazilərdə mənzillər 350–400 manata, mərkəzə yaxın ərazilərdə 650–700 manata, şəhər mərkəzində isə 800–1000 manata təklif olunur.
V.Oruc bildirib ki, tələbələrin mənzil axtarışının artması xüsusilə metro stansiyalarına, avtobus dayanacaqlarına, universitet və digər təhsil müəssisələrinə yaxın ərazilərdə qiymətlərə təsir göstərəcək.
"Hazırda Yasamal, Gənclik, 20 Yanvar, Nəsimi metrosu, Azadlıq metrosu əraziləri və eyni zamanda Gənclik-Nərimanov əraziləri qiymət artımında öndə gedir", - o deyib.
Ekspert birotaqlı mənzillərə tələbatın daha yüksək olduğunu vurğulayıb:
"Birotaqlı mənzillərin həm satışda tapılması, həm də bazarda əlçatanlığı çox çətindir. Bu, birotaqlı mənzillərə olan tələbin sözsüz ki, davamlı qiymət artımına səbəb olmasına və bu artımın digər ikiotaqlı, üçotaqlı mənzillərə nisbətən daha yüksək sürətlə getməsinə təsir göstərir".
V.Oruc qeyd edib ki, kirayə bazarında əsas aparıcı qüvvə tələbələrdir.
"Baxmayaraq ki, iş üçün Bakıya gələnlər də var, xaricilər də var, qonaqlar da var, amma əsas aparıcı qüvvə tələbələrdir. Tələbə bazasının kirayə bazarına təzyiqi aradan qaldırılsa, bu və ya digər formada kirayə bazarını tənzimləmək mümkündür. Amma bu, böyük büdcə və vaxt tələb edən məsələ olduğuna görə, yaxın illərdə kirayə bazarında qiymətlərin stabilləşməsini gözləməyə dəyməz", - deyə ekspert bildirib.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA
Bakıda mənzil qiymətlərinin 2026-cı ilin sonunadək azalacağı gözlənilmir. Ekspert qiymət artımı tendensiyasının davam edəcəyini bildirir. BAKU.WS xəbər verir ki...