Bakı bərbərxanalarında ülgücdən istifadə qadağan edilir
Bakıda kişi bərbərxanalarında ülgücdən istifadə edilməsi qadağan edilir.
Bu barədə BAKU.WS-ə şəhərin mərkəzindəki kişi bərbərxanalarından bildiriblər. Deyilənlərə görə, artıq dədə-baba qaydası ilə istifadə edilən ülgüclərin əvəzinə müasir avadanlıqlar işlədilir. Hətta şəhərin mərkəzindəki bəzi bərbərxanalar bu qaydalara əməl olunmadığı üçün cərimələniblər.
Bərbərxanaların birini işlədən Süleyman Məhərrəmov BAKU.WS-ə açıqlamasında bildirib ki, bununla bağlı onlara da məlumat veriblər. Deyiblər ki, adi ülgüc əvəzinə xüsusi başlığı olan avadanlıqlardan istifadə olunsun. Həmçinin bərbərxanada xüsusi strelizə aparatının quraşdırılması şərt kimi qoyulub. "Şəhərin mərkəzində buna əməl edirlər. Lakin kənar yerlərdə hələ də dədə-baba qaydasından istifadə edilir. Əslində yeni avadanlıq daha rahatdır. Köhnə ülgücdən fərqli olaraq bu birdəfə istifadə olunur və dəyişdirilir. Həm xəstəliklərin yayılmasının qarşısı alınır, həm də dərinin kəsilməsi kimi xoşagəlməz hallar olmur”, - deyə Süleyman Məhərrəmov bildirib.
Məsələ ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətilə əlaqə saxladıq. Xidmətin rəhbəri Ziyəddin Kazımov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həqiqətən də paytaxtdakı bərbərxanalara tövsiyyə edilib ki, xidmət zamanı yeni avadanlıqlardan istifadə edilsin. "Bütün bərbərxanalarda strelizə aparatları olmalıdır. Birdəfəlik ülgüclərdən istifadə edilməli və avadanlıq sonradan strelizə edilməlidir. Köhnə ülgüclərdən istifadə məsləhət görülmür”, - deyə Ziyəddin Kazımov bildirib. Qurum rəsmisi deyir ki, əgər vətəndaşlar hansısa obyektdən şikayətçi olarlarsa mütləq müraciət etsinlər.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakının avtobus saxlanılması qadağan edilən yerləri (ÜNVANLAR)
Bakıda dayanacaqdan kənar saxladığına və digər qaydaları pozduğuna görə 200-ə yaxın sərnişin avtobusu cərimə meydançasına salınıb. BAKU.WS-in məlumatına görə,...