Azərbaycanın ən gözəl 12 kəndi (FOTO)

Azərbaycanın ən gözəl 12 kəndi (FOTO)
Sosial 5933

 

Azərbaycanda turizm sektorunun inkişafı, xüsusilə də daxili turizmə marağın artması əhalinin müxtəlif bölgələrə səfərlərinin sayını artırıb. 

BAKU.WS xəbər verir ki, getdikcə daha çox ölkə vətəndaşı müxtəli bölgələrin səfalı guşələrində istirazət etməyə üstünlük verirlər. Yerli bölgələrə marağın böyük olduğunu nəzərə alaraq seyyah.az saytı ölkənin ən gözəl 12 kəndini təqdim edir. Hərçənd qeyd etmək lazımdır ki, Azərbaycanda bu kəndlərdən də gözəl və səfalı kəndlər az deyil.

1.Xoşbulaq kəndi, Daşkəsən

Xoşbulaq rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir. Əvvəlki adı Xaçbulaq olan kənd müstəqilliyə qədəm qoyduğumuz illərdən sonra Xoşbulaq olaraq dəyişdirilib. Xoşbulaq kəndi və yaxud yaylağı təmiz havası, saf bulaqları ilə tanınır. Bu yaylaq əsasən gəncəlilərin dədə-babadan yurd yeri olub. Yaylaq mövsümünün başlanması ilə Xoşbulaq kəndinin camaatının gəlirləri artır. Xoşbulaqlılar bu mövsümdə evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla dolanırlar. Bura Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.

2. Hacıkənd qəsəbəsi, Gəncə

Zəngin meşə zolaqlarına sahib Hacıkənd qəsəbəsi qərb bölgəsinə istirahətə gələnlərin ən gəzməli, ən görməli məkanlarındandır. Burada bir çox istirahət düşərgələri var. Ərazidən Kürəkçayın axması bura gələnlərin istirahəti üçün daha da əlverişli imkan yaradır.

3. Kiş kəndi, Şəki

 

Kənd Şəkidən 5 km uzaqlıqda Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi” əsərində adı Kis kimi çəkilir. 7000 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat” dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən kəndin kənarından axan Kiş çayı meşə ilə əhatələnib. Kənddə çox sayda qədim tikililər mövcuddur.

4. İlisu kəndi, Qax

  Qaya şəlaləsi

Beşbulaq

İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1356-1091 metr yüksəklikdə yerləşir. Kənddən 10 km şərqdə rayonun ən hündür zirvəsi Qaraqaya dağı var. Ərazidə bütünlüklə qışı rütubətli keçən soyuq iqlim tipi hakimdir. Qarla örtülü günlərin sayı 120-160 gündür. Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur. Hamamçay mineral bulağının temperaturu 40°C-dir. Bundan başqa, İlisuda Mohsu, Gözbulaq, Oğlanbulaq, Qızbulaq mineral suları da var. İlisu turistlərin ən sevimli istirahət yerlərindən biridir. Ərazidə bir çox gözəl bulaqlar var. Onlardan daha məhşur olanı Beşbulaqdır.

5. Makov kəndi, Zaqatala

Kənddə əsasən avarlar yaşayır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Balıq həvəskarları Makov kəndi ərazisində yerləşən "Farel birliyi”nə baş çəkə bilərlər. "Farel birliyi” 1978 – ci ildən fəaliyyət göstərir. Buna "balıqçılıq istirahət mərkəzi” də deyirlər. Ərazidə farel balıqları yetişdirilir.

6. Katex, Balakən

Katexçay şəlaləsi

Katex kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Xaldan-Balakən magistralı üzərində yerləşən kənd ərazisində 5-7-ci əsrlərə aid Qala divarları, 17-18-ci əsrlərə aid gözətçi qüllələri və qalalar, həmçinin 18-ci əsrə aid İslam elmi mərkəzi və sair tarixi-memarlıq abidəsi kimi qorunur. Kənddəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalərdən biridir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

7. Lahıc qəsəbəsi, İsmayıllı

Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Lahıc qəsəbəsinin ən görkəmli abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Bu binanı Lahıc camaatı "Hacılar həyəti” də adlandırırlar.

8. Duruca kəndi, Qəbələ

Kənd Şahdağın ətəyində dörd tərəfi dağlar, sıldırım qayalar və meşələrlə əhatə olunmuş təxmini 120 evdən ibarətdir. Qəbələnin mərkəzindən 3 km məsafədə yerləşir. Kənddə eyni adlı çay axır. Burada 3 təpə dağını, bir çox yaylaqları gəzə, sərin bulaqlarından su içə bilərsiniz. Kəndin təbiəti olduqca zəngindir.

9. Xınalıq kəndi, Quba

Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir. Kəndə gələn turistlər təklif olunan kirayə evlərdə qala bilərlər.

10. Ləzə kəndi, Qusar

Ləzə kəndi Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval), dəniz səviyyəsindən 1300 m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndi gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. Son zamanlar Şahdağ, Qızıl qaya, Tufan, Bazardüzü və yüksək dağ yaylaqlarına gələn xarici turistlərin sayı artmaqda davam edir.

 11. Xanbulan kəndi, Lənkəran

Kəndin ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir. Xanbulan gölü isə görənləri heyran edir.

12. İstisu kəndi, Masallı

Kənd müalicəvi suları ilə məşhurdur. Yerin altından çıxan isti suyun təbii halda temperaturu 69 dərəcə olur. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 kilometr aralıdadır. Payızda təbiətin bütün rənglərini buranın meşələrində görmək olur. İstisu şəlalələri ilə də məşhurdur. Meşənin dərinliyində gizlənən şəlalələrin ətrafı sərin olduğundan, yay aylarında insanlar şəlalələrə yaxın yerlərdə piknik etməyi xoşlayırlar.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycana bu ilin sonunadək 30 min turist səfər edəcək

Azərbaycana bu ilin sonunadək 30 min turist səfər edəcək

Birləşmiş Ərəb Əmirliyinin "Arabian Gazette” mətbu orqanında "Azərbaycan: Fars körfəzi ölkələrinin vətəndaşları üçün yeni sevimli istiqamət” sərlövhəli məqalə d...

1682 Sosial 18:09 29 avqust 2016

Son xəbərlər