Azərbaycanlı məşhurlar övladlarını sosial şəbəkələrdən necə qoruyurlar?
Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişiklik layihəsində 16 yaşı tamam olmayan şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasının məhdudlaşdırılması təklif olunur.
Layihədə həmçinin provayderlər üçün yeni tələblər müəyyən edilir. Qaydaları pozan şəxslər və ya qurumlar üçün isə yüksək məbləğdə cərimələr nəzərdə tutulur.
Maraqlıdır, görəsən, tanınmış şəxslər övladlarını telefon və sosial şəbəkələrin mənfi təsirlərindən necə qoruyurlar?
BAKU.WS xəbər verir ki, Oxu.Az-a açıqlama verən Azərbaycanın tanınmış sabiq futbolçusu, hazırda U-20 milli komandasının köməkçi məşqçisi Vaqif Cavadov bildirib ki, övladlarının istifadə etdiyi telefon və planşetlərdə xüsusi nəzarət proqramları quraşdırılıb:
"Övladlarımın istifadə etdiyi telefon və planşetlərdə xüsusi nəzarət tətbiqləri mövcuddur. Orada konkret qaydalar müəyyənləşdirmişəm ki, nəyə icazə var, nəyə yox. Bütün səylərim ona yönəlib ki, uşaqlarım vaxtlarını daha çox idman və təhsillə keçirsinlər".
Təcrübəli mütəxəssis həmçinin müasir gəncliyin sosial şəbəkələrdə itirdiyi zamanla bağlı vacib məsləhətlərini bölüşüb:
"Müasir dövrdə sosial şəbəkələr gənclərin, xüsusilə də yeniyetmə yaşda olanların həyatına çox ciddi mənfi təsir göstərir. Bu platformalar onların hərtərəfli inkişafının və məhsuldar çalışmasının qarşısını alır. Bu məqamda ən böyük məsuliyyət məhz valideynlərin üzərinə düşür. Ailədə təməl necə formalaşdırılarsa, uşağın gələcək həyat yolu da o istiqamətdə davam edəcək.
Yeniyetmələrin virtual məkanda itirdikləri vaxtı idmana və dərslərinə ayırmaları qat-qat daha faydalıdır. Təəssüflər olsun ki, günümüzdə uşaqlar real həyatı telefon və planşet ekranları ilə əvəz etməyə cəhd edirlər. Bu vəziyyət onların fərdi inkişafına birbaşa zərbə vursa da, inanıram ki, zamanla gələcək nəsillər diqqətlərini yenidən idmana və mütaliəyə yönəldəcəklər".
Deputat Müşfiq Cəfərov söyləyib ki, valideynlər müəyyən proqramlar vasitəsilə övladlarının telefonuna nəzarət edə bilərlər:
"Müasir dövrdə sosial şəbəkələr təkcə böyüklərin deyil, uşaq və yeniyetmələrin də həyatının ayrılmaz hissəsinə çevrilib. Belə ki, uşaqlar da sosial şəbəkələr vasitəsilə asudə vaxtlarını keçirir, dostları ilə ünsiyyət qurur və müxtəlif məlumatlar əldə edirlər. Lakin bütün bunlarla yanaşı, sosial şəbəkələr uşaqlar üçün müxtəlif təhlükələr də yaradır.
Bəli, təəssüf ki, sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, olduqca ciddi problemlər yarada bilən mənfi yanları da az deyil. Xüsusən uşaqların psixoloji olaraq həssas dövrləri sayılan yaşlarda belə platformalardan istifadə etməsi qətiyyən tövsiyə edilmir. Düzdür, artıq müxtəlif platformalarda yaş məhdudiyyəti tətbiq olunsa da, hələ də bir çox sosial şəbəkədə həssas və qeyri-etik məzmunlu paylaşımların açıq şəkildə yayımlanması müşahidə olunur.
Lakin uşaqları qorumaq üçün müəyyən proqramlar var ki, valideynlər bu cür tətbiqlərlə öz telefonlarından uşaqlarının smartfonlarını idarə edə bilirlər. Sosial şəbəkələrə girişi məhdudlaşdırır və ya tamamilə qadağan edirlər.
Ümumiyyətlə, uşaqları sosial şəbəkələrdən uzaqlaşdırmaq mümkün deyil, amma bu sahədə tərbiyəvi söhbətlərin, seminarların təşkili çox yaxşı olardı".
Azərbaycanlı şairə, bədii qiraətçi Nazilə Səfərli qeyd edib ki, övladları universitetə qəbul olana qədər onlara telefon almayıb:
"Bizim uşaqlar universitetə qəbul olana qədər evimizdəki köhnə televizor yenilənmədi, telefonları heç vaxt olmadı. Ali məktəbə qəbul olanda hədiyyə olaraq onlara telefon almışdıq. Qaydanı özümüz qoymuşduq. Övladlarını telefondan, sosial şəbəkələrdən uzaq tutanlar tutub, tutmayanlar da artıq gecikiblər. O vaxt elə uşaqlar var idi ki, anaları ciblərinə hər gün 50 manat qoyurdu, mən 30 qəpik verirdim deyə "simic" deyirdilər. Amma mənim uşağım oxudu, təhsil aldı. Onların uşaqları isə özlərinə hələ də yer tapa bilmirlər. Uşaqları arxayın etmək lazım deyil. Sosial şəbəkələrdə 16 yaşı tamam olmayan şəxsin rəsmi qeydiyyatı qadağan edilsə də, evdə qaydalar pozula bilir. Uşaqlar valideynlərinin adları ilə sosial şəbəkədən istifadə edə bilirlər".
Müğənni Məleykə Əsədova vurğulayıb ki, uşaqlar sosial şəbəkələrdən uzaqlaşıb dərs oxumalıdırlar:
"Mən bu qərarı çox alqışlayıram, dövlətə çox təşəkkür edirəm. Çox sevinirəm. Uşaqlar dərs oxumalıdırlar. Fikirləri telefonda, "TikTok"da, orada-burada olmamalıdır. Məktəbə gələndə ümumiyyətlə telefon olmamalıdır. "TikTok" nədir? Bu, ümumiyyətlə, olmaz. Mənim qızımın indi də heç bir sosial şəbəkəyə girişi yoxdur. İşləyəndə olar, inşallah. Hələ ki oxuyur.
İndi sosial şəbəkələr dövrüdür, zamanın bəlasıdır. Bəzən məktəbdə də lazım olur. "TikTok"u demirəm, amma yuxarı siniflərdə "Instagram"dan istifadə edirlər. Mən valideynləri başa düşürəm. Onlar da istəməzlər ki, uşaqları bütün vaxtını telefonda keçirsinlər. Bilirəm ki, onlar da bununla mübarizə aparırlar. Bütün valideynlər evdə eyni söhbəti edirlər: "Telefonu yerə qoy, dərs oxu", "Telefonu kənara qoy, gəl dərsinlə məşğul ol". Mən əminəm ki, bütün valideynlər bu qərarı dəstəkləyirlər".
Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurovun sözlərinə görə, valideynlərin uşaqları sosial şəbəkələrin təsirindən uzaqlaşdırması üçün yeganə çıxış yolu onların asudə vaxtını səmərəli təşkil etməyə nail olmaqdır:
"Çünki uşaq boş qaldığı təqdirdə yenidən telefonu əlinə alacaq və vaxtını sosial şəbəkələrdə itirməyə davam edəcək".
Gənclər üçün faydalı məşğuliyyətlərin tapılmasının vacibliyini vurğulayan vitse-prezident əlavə edib ki, uşaqları hər hansı bir idman növünə və ya musiqi alətinə yazdırmaq mütləqdir:
"Fərqi yoxdur, əsas odur ki, onlar incəsənətə və ya idmana yönəlsinlər. Bizim gənclik illərimizdə telefon yox idi, lakin saysız-hesabsız ənənəvi idman növlərimiz və oyunlarımız mövcud idi. Məhz bu oyunlar asudə vaxtımızı daha rəngarəng və faydalı keçirməyimizə şərait yaradırdı".
Keçmiş ənənələrdən bəhs edən F.Mansurov o dövrdəki "məhəllə" və "qonşu" anlayışlarının əhəmiyyətinə də toxunub.
Onun sözlərinə görə, əvvəllər hamı bir-birinin övladına həm diqqət ayırır, həm nəzarət edir, həm də lazımi öyüd-nəsihətlər verirdi. Lakin müasir dövrdə bu dəyərlər müəyyən qədər dəyişikliyə məruz qalıb:
"Müasir dövrdə hər evdə telefon, internet və smart televizorlar mövcuddur. Telefon olmasa belə, uşaqlar mütləq şəkildə digər rəqəmsal vasitələrdən istifadə edəcəklər. Məhz buna görə də azyaşlıların boş vaxtını dərhal məktəbdənkənar fəaliyyətlərə yönəltmək zəruridir".
Olimpiya çempionumuz həmçinin gənc idmançılara səslənərək onları sosial şəbəkələrdə lüzumsuz vaxt itirməkdən çəkinməyə çağırıb:
"Hazırda mənim ən çox diqqət mərkəzində saxladığım və gənclərə aşıladığım əsas istiqamət həm idman, həm də paralel olaraq təhsildir.
Mən hər zaman idmançılara vurğulayıram ki, həm idmanda, həm də təhsildə eyni dərəcədə uğur qazansalar, biz daha güclü və savadlı gənc nəsil yetişdirə bilərik. Eyni zamanda, yalnız təhsillə məşğul olan gənclər də idmanı tamamilə arxa plana keçirməməlidirlər. Elmlə məşğul olan şəxsin fiziki aktivliyə, idmançının isə savada ehtiyacı var. Bunlar bir-birini qırılmaz şəkildə tamamlayan çox vacib amillərdir".
Gələcəyimiz üçün həm intellektual cəhətdən yüksəksəviyyəli, həm də fiziki cəhətdən sağlam və möhkəm xarakterli gənclərə ehtiyacımız olduğunu deyən F.Mansurov qeyd edib ki, gənclər hər iki istiqamətdə inkişaf etməlidirlər: həm savadları güclü olmalı, həm də fiziki cəhətdən dözümlü olmalıdırlar:
"İdmançının təhsili zəif olduqda, peşəkar karyerasını başa vurduqdan sonra cəmiyyətdə özünə yer tapmaq, fərqli bir sahədə çalışmaq və ya idarəçilik etmək onun üçün olduqca çətin bir prosesə çevrilir.
Bu gün də şahidi oluruq ki, vaxtilə böyük uğurlara imza atmış bəzi idmançılar karyeralarını bitirdikdən sonra təhsilləri olmadığı üçün çətinliklərlə üzləşib ortalıqda qalırlar. Bu, cəmiyyətimiz üçün ciddi bir problemdir. Daha sonra həmin şəxslər uzun illər idmana xidmət etdiklərini, lakin indi diqqətdən kənarda qaldıqlarını bildirərək gileylənirlər. Əslində isə bu cür hallar məhz savadsızlıqdan qaynaqlanır. Peşəkar məşqçi və ya uğurlu idmançı olmaq üçün də ilk növbədə elm lazımdır. Hansı sahədə çalışmaqdan asılı olmayaraq, savad hər zaman həlledici rol oynayır", - deyə o, fikrini yekunlaşdırıb.
Milli Məclisin deputatı Vasif Qafarov vurğulayıb ki, uşağın texnologiyadan düzgün və təhlükəsiz istifadə etməsini təmin etmək əsas məqsəd olmalıdır:
"Bu gün sosial şəbəkələr uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Ona görə də onları tamamilə sosial şəbəkələrdən uzaqlaşdırmağın tərəfdarı deyiləm. Əsas məqsəd övladın texnologiyadan düzgün və təhlükəsiz istifadə etməsini təmin etməkdir. Bunun üçün ilk növbədə övladımla açıq ünsiyyət qurmağa çalışıram, hansı platformalardan istifadə etdiyini, kimlərlə ünsiyyətdə olduğunu və qarşılaşdığı riskləri müzakirə edirəm. Eyni zamanda yaşına uyğun məzmun seçiminə diqqət yetirir, istifadə müddətinə nəzarət edir və şəxsi məlumatların paylaşılmaması ilə bağlı onu mütəmadi məlumatlandırıram. Hesab edirəm ki, qadağalardan daha çox maarifləndirmə, etibar və valideyn nəzarəti uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqda daha effektiv vasitədir. Uşaqlar texnologiyadan kənarda yox, təhlükəsiz rəqəmsal mühitdə böyüməlidirlər".
Əməkdar artist, müğənni Nuriyyə Hüseynova bildirib ki, bu gün uşaqları sosial şəbəkədən uzaq tutmaq çox çətin məsələdir:
"Sosial şəbəkələr həyatımıza elə sirayət edib ki, bu gün uşaqları ondan uzaq tutmaq müşkül məsələdir. Bəlkə də mümkünsüzdür. Çünki biz istəsək də, istəməsək də, bu günün reallıqlarına görə uşaqlara telefon alıb veririk - dərslərə hazırlaşırlar, onlayn dərslərə qoşulurlar və s. Bizim yanımızda daxil olmasalar da, kənara çəkilən kimi istifadə edəcəklər. Hər kəsin istifadə etdiyi vaxtda ona qadağa qoymaq inandırıcı deyil. Variant kimi deyə bilərəm ki, valideynlər uşaqları düzgün yönləndirməlidirlər. Uşaqlar özləri dərk etməlidirlər ki, bu, mənə ziyan gətirə bilər, ya yox. Bəzi şeylər məktəbdə öyrədilməli, başa salınmalıdır. Yəni uşaqlar şüurlu şəkildə sosial şəbəkəyə yanaşmağı öyrənməlidirlər. Başqa yol görmürəm. Düzdür, elə ölkələr var ki, orada sosial şəbəkələr qadağandır. Məsələn, mən Çində olanda heç bir sosial şəbəkədən istifadə edə bilmədim, dedilər ki, bizdə qadağandır. Bizdə belə bir qərarın veriləcəyi də inandırıcı deyil. Ümumilikdə, bu məsələ çox qəliz və dərin məsələdir. Qadağa etmək də çıxış yolu deyil, çünki sosial şəbəkələrin müsbət tərəfləri də çoxdur. Ona görə bu məsələyə bir baxışdan yanaşmaq, münasibət bildirmək çox çətindir. Bu səbəbdən əminliklə "bunu belə etsək, yaxşı olar" və ya "olmaz" deyə bir fikir deyə bilmirəm".
Müğənni Ofeliya Şabanova bildirib ki, özü telefon işlətmədiyi üçün övladlarına da telefon işlətməyə icazə vermir:
"Sosial şəbəkələr əsasən mobil telefon və kompüterlər vasitəsilə izlənilir. İndiki dövrdə sosial şəbəkələr bərbad vəziyyətdədir. Mən özüm heç vaxt telefon işlətmədiyim üçün övladlarıma da qadağan etmişəm. Özlərinə demişəm ki, orta məktəbi bitirdikdən sonra fikirləşərəm. İndiki dövrdə sosial şəbəkələrin 90 faizi təlim-tərbiyəni, əxlaqı pozur. İnşallah, nəzarət güclənər".
Rejissor Elnaz Əbluç isə söyləyib ki, uşaqları sosial şəbəkədən uzaq tutmağın əsas yollarından biri valideynlərin özünün sosial şəbəkədən uzaq olmasıdır:
"Düşünürəm ki, uşaqları sosial şəbəkələrdən uzaq tutmaq üçün onlar üçün maraqlı olacaq tədbirlər keçirilməlidir. Öncə gərək valideyn özü uzaq olsun. Yəni uşaq görəndə ki, valideyni hər zaman əlində telefon sosial şəbəkədədir, o da istifadə edəcək, əlbəttə ki. Ona görə hesab edirəm ki, uşaqlarla birgə teatra, kinoya getsinlər. Ən əsası öyrənsinlər ki, onların uşaqlarına nə maraqlıdır. Uşağın maraq dairəsinə uyğun hərəkət etsinlər. Mən sosial şəbəkələrin özündə kifayət qədər videolar görürəm ki, uşaqlar özləri valideynlərindən şikayət edirlər: "Mənimlə vaxt keçirmirsən". Uşağını sosial şəbəkədən uzaq tutmaq istəyən valideyn ona vaxt ayırmalı və səmərəli vaxt keçirməlidir".
Oxşar xəbərlər
"5 dəfə vurdular, sağlam yeri yox idi" - Gəmidə sağ qalan şəxs hadisəni danışdı
Azov dənizində vurulan "Natra" yük gəmisində sağ qalan vətəndaşlarımızdan biri Lənkəranın Boladi kəndindən olan Elməddin Axundzadədir. BAKU.WS Baku TV-yə istina...