Azərbaycanda ortaaylıq əməkhaqqılarının yüksək olduğu ƏRAZİLƏR - SİYAHI
"Dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalmaqdadır. Hazırda dövlət qulluqçularının sayı 27.4 min nəfərdir ki, onların da 30.3 faizini qadınlar təşkil edir".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deyib.
O, iki məqama diqqət çəkib:
"Birinci, dövlət qulluqçularının çalışdıqları iqtisadi rayonlar üzrə bölgüsüdür. Rəsmi statistikaya əsasən, hazırda Naxçıvan Muxtar Respublikasında 2 272 dövlət qulluqçusu çalışır. Bakı şəhərində 13 756 dövlət qulluqçusu var.
Dövlət qulluqçularının daha çox hissəsinin Bakının payına düşməsi anlaşılandır. Bununla belə, bir sıra iqtisadi rayonlarımızda dövlət qulluqçularının sayı heç min nəfərə belə çatmır. Belə ki, Abşeron-Xızı iqtisadi rayonunda cəmi 662, Dağlıq Şirvan iqtisadi rayonunda 696, Mil-Muğan iqtisadi rayonunda 720, Şirvan-Salyan iqtisadi rayonunda 764, Quba-Xaçmaz iqtisadi rayonunda isə 795 dövlət qulluqçusu var.
Bu baxımdan, dövlət qulluqçuları üzrə vakansiyaların elan edilməsində diferensial olaraq regional yanaşmanın da tətbiqinə ehtiyac var. Bu, iqtisadi rayonlarımızda ixtisaslı kadrların işlə təminatı baxımından da vacibdir.
Digər məqam dövlət qulluqçularının iqtisadi rayonlar üzrə ortaaylıq əməkhaqqılarındakı fərqlər ilə bağlıdır. 2025-ci ilə olan rəsmi məlumata görə, ölkə üzrə dövlət qulluqçularının ortaaylıq əməkhaqqısı 1 971 manat olub. Bu göstərici Bakı şəhərində 2 539, Naxçıvan Muxtar Respublikasında 1 502, Mil-Muğan iqtisadi rayonunda 1 371, Mərkəzi Aran iqtisadi rayonunda 1 366, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 349, Şirvan-Salyan iqtisadi rayonunda isə 1 316 manatdır.
Göründüyü kimi, bir sıra iqtisadi rayonlarımızda dövlət qulluqçularının ortaaylıq əməkhaqqısı ölkə üzrə göstəricidən 40 faizə yaxın aşağıdır. Bu, əməkhaqqı məbləğlərində regional təşviq meyarlarından istifadəni aktuallaşdırır. Dövlət qulluqçularının 7.4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatında çalışır. 92.6 faizi digər təsnifatlarda, o cümlədən 46.6 faizi 7-ci təsnifat, 22.2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyir. Bu isə o deməkdir ki, dövlət qulluqçuların əksəriyyəti üçün işə qəbul ilə bağlı tələblər tətbiq olunur.
Bununla yanaşı, hazırda dövlət qulluqçularının 69.5 faizi beş ildən çox çalışanlardır. Təbii ki, bu sahədə aparılan dərinləşdirilmiş islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir göstərib. Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur", - deyə deputat vurğulayıb.
Oxşar xəbərlər
Kimisə günahsız yerə ittiham edənləri nə gözləyir?
Bir şəxsin hüquq-mühafizə orqanlarına bilə-bilə yalan məlumat verməklə digər şəxsi cinayət törətməkdə ittiham etməsi qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyə...