Azərbaycanda koronavirusun yayılmasına qarşı etibarlı sədd yaradılır - FOTO

Azərbaycanda koronavirusun yayılmasına qarşı etibarlı sədd yaradılır - FOTO
Sosial 2715

Çinin Uhan vilayətində aşkarlanan və qısa zamanda bir sıra ölkələrə yayılan koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər aparılır.

Bu çərçivədə Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

Operativ qərargahdan BAKU.WS-ə verilən məlumata görə, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb.

Bundan başqa, Biləsuvar və Astara Gömrük Buraxılış məntəqəsində Fövqəladə Hallar Nazirliyinin xüsusi qərargahı yaradılıb.

Burada mobil hospitallar var. Eləcə də vətəndaşların karantinə alınması üçün xüsusi çadır şəhərciyi yaradılıb. İranla sərhəd boyunca isə xüsusi səyyar laboratoriyalar quraşdırılıb. Burada xüsusi avadanlıqlardan istifadə olunmaqla ölkəyə daxil olanlara nəzarət aparılır.

Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və digər qurumların rəsmiləri məntəqələrə baxış keçirirlər. Burada yaradılan vəziyyətlə tanış olurlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında koronavirusla bağlı aidiyyətli dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət yaradılan qərargahın "qaynar xətt"i də fəaliyyətə başlayıb.

Hazırda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, +994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.

Bundan başqa, ölkədə xəstəxanalarda infeksion palatalar ayrılıb, karantin zonaları yaradılıb.

Profilaktika tədbirləri məqsədilə bu il martın 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.

Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Bu qurumun tabeliyində fəaliyyət göstərən əksər məktəbdənkənar təhsil müəssisələrinin idman zalları, inzibati, məşğələ otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri artıq yekunlaşdırılıb.

Digər müəssisələrdə də tədbirlər davam etdirilir.

Ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

Artıq 3 min 100 təhsil müəssisəsi dezinfeksiya olunub.

Eyni zamanda koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə Bakının əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropolitendə də qoşulub.

Tədbirlər profilaktik məqsədlə insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılır.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə deyib ki, aparılan əks-epidemik tədbirlər infeksiyanın yoluxma mexanizmləri və yollarına qarşı yönəlmiş tədbirlərdir:

"Sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir.

Bu məqsədlə, "Bakı Metropoliteni" xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq dezinfeksiya tədbirlərinə başlayıb".

Dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada da müntəzəm sanitariya-epidemioloji tədbirlər aparılır. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsindən BAKU.WS-ə məlumat verilib.

Qeyd edilir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti Tədbirlər Proqramı hazırlayıb.

Tədbirlər Proqramına əsasən, dəmir yolu ərazisindəki bütün obyektlərin profilaktik və cari dezinfeksiyası təmin edilir.

Ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda lazımi tədbirlər həyata keçirilir. Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimdə çalışır.

Sərnişin qatarlarında xidmət göstərən briqadalar arasında təlimatlar aparılır.

Onlar hər hansı bir xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslə qarşılaşdıqda necə davranacaqları ilə bağlı maarifləndirilirlər.

Sərnişinlər və dəmiryolçular, yoluxucu xəstəliklərin profilaktikasında zəruri şəxsi gigiyena qaydaları barədə məlumatlandırılırlar.

Qatar heyətlərinin tibbi-sanitar biliklərinin artırılması istiqamətində işlər gücləndirilib. Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq.

Onu da əlavə edək ki, dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə ümumi gigiyena qaydaları barədə sərnişinlərin məlumatlandırılmasına başlanılır.

Dezinfeksiya həmçinin avtobus, vağzal və dəmiryolunda da aparılır.

“BakuBus” da daxil olmaqla paytaxtda xidmət göstərən bütün daşıyıcı şirkətlərdə dezinfeksiya işləri həyata keçirilib.

Avtobusların həm çöl hissələrinin, həm də salonunun hər gün yuyulub-təmizlənməsi həyata keçirilir.

Əmlak Xidmətləri Məkanında və səyyar avtobuslarda da dezinfeksiya işləri aparılıb. Koronavirus (COVİD-19) və digər yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların daha çox müraciət etdiyi Əmlak Xidmətləri Məkanında dezinfeksiya işləri görüb.

Bununla yanaşı, vətəndaşlara ünvanlarında xidmət göstərən səyyar avtobuslar da dezinfeksiya olunub. Qeyd edək ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində hər həftə müxtəlif ünvanlarda vətəndaşlara xidmət edən mobil ofislər də əraziyə çıxmamışdan öncə dezinfeksiya edilir.

Həmçinin Bakı Avtovağzal Kompleksində dezinfeksiya işləri hər gün görülməkdədir.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova BAKU.WS-ə bildirib ki, bundan öncə də dezinfeksiya işləri görülürdü, indiki vəziyyəti nəzərə alaraq qabaqlayıcı tədbirlərin tezliyi artırılıb və gündəlik olub.

Pərvin Məmmədova onu da qeyd edib ki, sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq onların daim məlumatlı olması üçün 406-01-58/59 Çağrı Mərkəzi 24 saat fəaliyyət göstərir. Bundan əlavə, avtovağzalın mətbuat katibi əlavə edib ki, təhlükəsizlik ölçüləri bununla bitmir.

Belə ki, kompleksin bütün işçilərinə təlimat keçilir və onlar tibbi maska, əlcək və digər lazım olan ləvazimatlarla təchiz ediliblər.

Bundan başqa, bölgələrdə dezinfeksiya işləri avtobuslar xəttə buraxılmadan bir neçə saat öncə, daha dəqiq desək, səhər saat 6 radələrində aparılır.

Xüsusi tərkibli dərman məhlulu vasitəsi ilə avobusların salonu, oturacaqlar, sürücü kabinəsi dezinfeksiya olunur. Məhz bundan sonra avtobuslar xəttə buraxılır.

Azərbaycan turizm sahəsində kifayət qədər üstünlük təşkil edir. Bu məqsədlə turist axınını nəzərə alan “Azərbaycan Hava Yolları” QSC sərnişinlərin sağlamlığını qorumaq üçün dezinfeksiya tədbirləri həyata keçirir.

Belə ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektləri dezinfeksiya edilir. AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilib.

Sutka ərzində dörd dəfə qeydiyyat zonalarında, tualetlərdə, sərnişinlər üçün nəzərdə tutulmuş otaqlarda bütün səthlərin, habelə sərnişinlərə və onların baqajlarına xidmət göstərən işçi heyətinin geyim və ayaqqabılarının dezinfeksiyası təmin edilir.

Həmçinin Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Qeyd edək ki, koronavirusa yoluxan insanlardan 40 mindən çoxu aparılan müalicələr nəticəsində sağalıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, dezinfeksiya tədbirləri etibarlı nəticə verir, sərhəddə karantin nəzarəti isə koronavirusun yayılmasını minimuma endirməyə imkan yaradır.

Son xəbərlər