Biləsuvar və Astara Gömrük Buraxılış məntəqələrində çadırlar qurulub - FOTO

Biləsuvar və Astara Gömrük Buraxılış məntəqələrində çadırlar qurulub - FOTO
Sosial 1943

Biləsuvar və Astara Gömrük Buraxılış məntəqəsində Fövqəladə Hallar Nazirliyinin xüsusi qərargahı yaradılıb.

BAKU.WS xəbər verir ki, burada mobil hospitallar var, eləcə də vətəndaşların karantinə götürülməsi üçün xüsusi çadır şəhərciyi yaradılıb.

Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və digər qurumların rəsmiləri məntəqələrə baxış keçirirlər. Burada yaradılan vəziyyətlə tanış olurlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında koronavirusla bağlı aidiyyətli dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət yaradılan qərargahın "qaynar xətt"i fəaliyyətə başlayıb.

Hazırda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, +994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.

Qərargahdan BAKU.WS-ə bildirilib ki, qurulan mobil hospital və çadırlarda yüksək səviyyədə şərait yaradılıb.

Eyni zamanda, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycanın bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyətli sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Operativ qərargahdan "Report"a verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksuna yerləşdirilib.

Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər həyata keçirilməkdədir.

Qeyd olunan xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq Nazirlər Kabineti tərəfindən daha geniş əhatəli Tədbirlər Planı təsdiqlənib.

Qeyd edək ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam gücü ilə paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir.

Bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb.

Eyni zamanda koronavirus (COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir.

Dövlətin qurduğu bu laboratoriyalar stasionar, səyyar və mobil tiplidir. Bu laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini ÜST tərəfindən yüksək qiymətləndirilib.

Son xəbərlər