Azərbaycanda iş satları azaldıla bilərmi? - AQC sədrindən AÇIQLAMA
Azərbaycanda altı saatlıq iş rejiminin tətbiqi son illər müxtəlif ölkələrdə aparılan təcrübələr fonunda müzakirə olunan məsələlərdən biridir.
BAKU.WS-in məlumtına görə, bu model ilk baxışdan işçi məmnuniyyətinin artırılması baxımından cəlbedici görünsə də, onun iqtisadi və sosial nəticələri hərtərəfli qiymətləndirilməlidir.
Bəs iş saatlarının azalması mümkün ola bilərmi?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, hazırda ölkə qanunvericiliyinə əsasən standart iş həftəsi 40 saat, gündəlik iş vaxtı isə əsasən 8 saat təşkil edir:
"Bununla belə, praktikada işçilərin bütün iş günü ərzində fasiləsiz məhsuldar fəaliyyət göstərmədiyi bildirilir. Gün ərzində müəyyən vaxtın sosial şəbəkələrə, qeyri-rəsmi müzakirələrə və digər əlavə fəaliyyətlərə sərf olunduğu qeyd edilir.
Altı saatlıq iş günü bəzi dövlət qurumlarında pilot layihə kimi sınaqdan keçirilə bilər. Dövlət sektorunda fəaliyyətin xarakteri nəzərə alınaraq iş vaxtının optimallaşdırılması mümkün görünür. Lakin özəl sektorda vəziyyət fərqlidir.
Bir çox müəssisələrdə hətta səkkiz saatlıq iş rejimi belə sifarişlərin vaxtında yerinə yetirilməsi və rəqabət qabiliyyətinin qorunması üçün bəzən kifayət etmir. Özəl şirkətlər müştəri məmnuniyyətini və operativliyi təmin etməli, yeni sifarişlər cəlb etməli və maliyyə dayanıqlığını qorumalıdırlar. İş saatlarının kəskin azaldılması isə bəzi sahələrdə məhsuldarlığın və gəlirlərin azalmasına səbəb ola bilər".
AQC sədri hesab edir ki, məsələyə yalnız işçi məmnuniyyəti prizmasından yanaşmaq doğru deyil:
"İşçilərin rifahı ilə yanaşı, müəssisələrin davamlı fəaliyyəti və iqtisadi səmərəlilik də nəzərə alınmalıdır.
Bu baxımdan daha çevik əmək bazarının formalaşdırılması, saatlıq iş modelinin genişləndirilməsi və işçilərə seçim imkanlarının yaradılması daha məqsədəuyğun variant kimi qiymətləndirilir. Belə ki, istəyəndə tam iş günü, istəyəndə isə 4-6 saatlıq iş qrafiki ilə çalışmaq imkanı həm işçilərin, həm də işəgötürənlərin maraqlarını balanslaşdıra bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur. BA...