Azərbaycanda erkən nikahların "xəritəsi": Hansı rayonlar öndədir?

Azərbaycanda erkən nikahların xəritəsi: Hansı rayonlar öndədir?
Sosial 259

Azərbaycanda "Ailə Məcəlləsi"nə edilən dəyişikliyə əsasən, bu ildən etibarən 18 yaş nikah yaşı olaraq müəyyən edilib və əvvəlki istisnalar ləğv olunub.

Lakin statistik göstəricilər erkən nikahlarla bağlı vəziyyətin hələ də ürəkaçan olmadığını göstərir.

Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən dünyaya gətirilən uşaqların sayı ilə müəyyən edilir.

BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, 2024-cü ildə 18 yaşınadək analar tərəfindən 1279 uşaq dünyaya gətirilib. Bu göstərici 2023-cü illə müqayisədə azalıb. Belə ki, ötən il bu rəqəm 1742 olub.

Ən çox hansı rayonlardadır?

Mərkəzi Aran iqtisadi rayonu 167 uşaqla siyahıya başçılıq edir. Bu rayona daxil olan Yevlaxda 18 yaşına çatmayan qadınlar tərəfindən 71 uşaq, Kürdəmir və Ucarda isə hər birində 24 uşaq dünyaya gəlib.

Qarabağ iqtisadi rayonu 164 uşaqla ikinci yerdə qərarlaşıb. Ən yüksək göstəricilər Ağcabədi (55 uşaq) və Bərdə (43 uşaq) rayonlarında müşahidə olunur.

Qazax-Tovuz iqtisadi rayonu üzrə 18 yaşadək analar tərəfindən doğulan 163 uşaq qeydə alınıb. Şəmkir rayonu burada 69 uşaqla fərqlənir. Bundan başqa, Gədəbəydə 37, Tovuzda isə 30 uşağın anasının yaşı 18-dən aşağı olub.

Lənkəran-Astara iqtisadi rayonu 160 uşaqla dördüncü sırada yer alır. Bu rayonda ən çox doğum 80 uşaqla Cəlilabad, 30 uşaqla Masallı rayonlarında qeydə alınıb.

Mil-Muğan iqtisadi rayonu isə 141 erkən doğumla ilk beşliyi tamamlayır. Sabirabad rayonunda erkən nikah nəticəsində doğulan uşaqların sayı 61, İmişlidə isə 37 olub.

Ən aşağı göstəricilər

Şərqi Zəngəzur iqtisadi rayonu ümumilikdə 28 uşaqla ən aşağı göstəriciyə malikdir. Burada ən yüksək rəqəm Kəlbəcər rayonundadır. Belə ki, Kəlbəcərdə 14 uşaq 18 yaşına çatmamış analar tərəfindən dünyaya gətirilib. Digər rayonlarda isə bu rəqəmlər 2-5 arasında dəyişir.

Abşeron-Xızı iqtisadi rayonu isə 30 uşaqla ən aşağı göstəriciyə sahib olan ikinci regiondur. Bu regiona daxil olan Abşeron rayonunda 18, Sumqayıtda 8, Xızıda isə 4 uşaq erkən nikah nəticəsində dünyaya gəlib.

Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında da göstəricilər nisbətən aşağı səviyyədədir. 18 yaşına çatmamış analar tərəfindən dünyaya gətirilən uşaqların sayı müvafiq olaraq 40 və 39 nəfər olaraq qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası

Naxçıvan MR-də ümumilikdə 49 uşaq 18 yaşına çatmayan valideynlər tərəfindən dünyaya gətirilib.

Naxçıvan, Culfa və Şahbuz rayonlarında erkən nikah halı qeydə alınmayıb. Region üzrə ən yüksək göstərici 24 uşaqla Şərur, ən aşağı göstərici isə 4 uşaqla Babək rayonundadır. Bundan başqa, Ordubad və Sədərəkdə 6, Kəngərli rayonunda isə 9 uşaq erkən evlilik nəticəsində dünyaya gəlib.

Bakı şəhəri

2024-cü ildə 20 448 paytaxt sakini dünyaya gəlib ki, onların 78-i erkən doğum faktı kimi qeydə alınıb. Əhalisinə görə ən böyük şəhərlərimizdən sayılan Gəncədə isə bu göstərici 17 nəfər təşkil edir.

Son xəbərlər