Azərbaycanda bu şəxslərin dövlətdən aldığı pullarda artım olacaq

Azərbaycanda bu şəxslərin dövlətdən aldığı pullarda artım olacaq
Açıqlama
Sosial 10829

Prezident İlham Əliyevin imzaladığı sənədə əsasən, 2025-ci ildə ehtiyac meyarının həddi 285 manata çatdırılıb.

BAKU.WS xəbər verir ki, bu da ünvanlı sosial yardım proqramı çərçivəsində yardım alan vətəndaşlarımızın yardım məbləğinin artmasına gətirib çıxarıb.

Bəzi vətəndaşların sosial yardımları 2024-cü ildən başlayıb və onların sosial yardımın artıb-artmayacağı sual doğurur. Bu məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramv BAKU.WS-ə bildirib ki, ehtiyac meyarının artması iki istiqamətdə vətəndaşların sosial yardım məbləğinin artmasına gətirib çıxaracaq:

"Birinci artım 2025-ci ildə yeni sosial yardım almağa başlayan vətəndaşlarımıza aiddir. Bu kateqoriyaya aid şəxslər yeni artırılmış məbləğdə sosial yardım alacaqlar. Yəni ünvanlı sosial yardım almayan, amma 2025-ci ildən başlayaraq sosial yardım alan vətəndaşlar artırılmış məbləğdə sosial yardımı ala biləcəklər.

İkincisi, 2024-cü ildə sosial yardım almağa başlayan və 2025-ci ildə ilk müddət, yəni bir illik müddəti başa çatan və yenidən müraciət edən vətəndaşlarımızın artıq yeni sosial yardım məbləği artırılmış məbləğ olacaq. Bu da imkan verəcək ki, vətəndaşlar artırılmış məbləğdə social yardımdan faydalana bilsinlər.

Həm yeni sosial yardım almağa başlayan vətəndaşlar, həm də sosial yardım proqramında iştirak edən və yenidən ünvanlı sosial yardım proqramına müraciət edən vətəndaşların dövlət büdcəsindən aldığı sosial yardım məbləğində artımlar olacaq".

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən göstərilən pul yardımıdır. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Orxan Hüseyn

Son xəbərlər