Azərbaycanda bu şəxslər mağazadan silah ala bilər
Son dövrlər Azərbaycanda ov silahlarına marağın artdığı müşahidə olunur. Silah mağazalarında xüsusilə Türkiyə istehsalı olan modellərə üstünlük verildiyi bildirilir.
BAKU.WS-in məlumtına görə, satışa çıxarılan ov tüfənglərinin qiymətləri əsasən 900 manatdan başlayaraq 1800 manata qədər dəyişir.
Bazarda Türkiyə, Rusiya, İtaliya və Belçika istehsalı olan modellər mövcuddur. Satıcıların sözlərinə görə, ən münasib qiymətli silahlar əsasən Türkiyə istehsalı olan ov tüfəngləridir.
Mütəxəssislər bildirir ki, ov silahı alan şəxslərin konkret yaş həddi üzrə üstünlük təşkil etməsi müşahidə edilmir. 30, 40 və 50 yaş qruplarında olan vətəndaşlar eyni dərəcədə müraciət edirlər. Əsas diqqət yaşdan çox, sənədlərin düzgünlüyünə və qanuni prosedurların tamamlanmasına yönəlir.
Azərbaycan qanunvericiliyinə görə, evdə silah saxlamaq hər kəs üçün avtomatik hüquq hesab edilmir. "Xidməti və mülki silah haqqında" qanunun 9-cu maddəsi bu sahədə dəqiq tələblər və icazə mexanizmlərini müəyyən edir. Ov silahı əldə etmək istəyən vətəndaş ilk növbədə yaşadığı ərazi üzrə polis idarəsinə müraciət etməli və silahı hansı məqsədlə almaq istədiyini əsaslandırmalıdır.
Bundan sonra polis əməkdaşları tərəfindən vətəndaşın yaşayış yerinə baxış keçirilir, seyfin mövcudluğu, təhlükəsizlik şəraiti, eləcə də tibbi arayışlar və digər zəruri sənədlər yoxlanılır. Qanuna əsasən, silah yalnız xüsusi metal seyfdə saxlanılmalıdır və həmin seyfə sahibindən başqa heç kimin çıxışı olmamalıdır.
Qanunvericiliyə görə, 18 yaşına çatmış şəxslər mülki silah, 21 yaşına çatmış şəxslər isə mülki odlu silah əldə edə bilərlər. Silah satıldıqdan sonra vətəndaş onu mütləq şəkildə ərazi üzrə polis idarəsində qeydiyyata aldırmalıdır, çünki silahların dövlət kadastrı mövcuddur.
Hüquqşünasların sözlərinə görə, ağır cinayətlərə görə məhkum olunmuş, psixiatrik müəssisələrdə qeydiyyatda olan, eləcə də alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslərə silah verilməsindən imtina edilə bilər.
Eyni zamanda, silahın evdə təhlükəsiz saxlanılmasına görə tam məsuliyyət birbaşa sahibinin üzərinə düşür. Silah oğurlandıqda və ya itirildikdə dərhal bu barədə polis orqanlarına yazılı məlumat verilməlidir. Əgər araşdırma zamanı silahın məsuliyyətsiz davranış nəticəsində itirildiyi müəyyən olunarsa, bu hal hüquqi müstəvidə qiymətləndirilir.
Qanuna əsasən, odlu silahın diqqətsiz saxlanılması iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Mütəxəssislər vurğulayırlar ki, silahın təhlükəsizliyi və ondan düzgün istifadə tam şəkildə sahibinin öhdəliyindədir və məsuliyyətsizlik ağır hüquqi nəticələrə səbəb ola bilər.
Oxşar xəbərlər
Sabah Bakı və rayonlara qar yağacaq - PROQNOZ
Azərbaycanda fevralın 10-da qar yağacağı gözlənilir. Bu barədə BAKU.WS Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında bəz...