Azərbaycanda 700 bal toplayan abituriyentlərin taleyi necə olub?

Azərbaycanda 700 bal toplayan abituriyentlərin taleyi necə olub?
Sosial 5818

700 bal toplayan abituriyentlər cəmiyyətdə adətən "akademik zirvəni fəth edənlər" kimi təqdim olunur. Lakin bu uğur yolun sonu deyil, əksinə, daha uzun və mürəkkəb bir mərhələnin başlanğıcıdır. Maraqlıdır, maksimum nəticə göstərən bu gənclər sonrakı illərdə hansı sahələrdə fəaliyyət göstərir, akademik və peşəkar həyatlarını necə qururlar, gözləntilər reallıqla nə dərəcədə üst-üstə düşür?

Məsələ ilə bağlı BAKU.WS ölkənin ən öndə gedən universitetlərindən birinə - Bakı Ali Neft Məktəbinə sorğu ünvanladı. Məlum oldu ki,

BANM-a qəbul olunan abituriyentlər arasında 700 bal toplayan 27 nəfər tələbə olub.

Bu tələbələrin bir qismi məzun olduqdan sonra təhsillərini "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı", Almaniyanın DAAD və qəbul olduqları ali təhsil müəssisəsinin təqaüd proqramları çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində davam etdirib, digər bir qismi isə təhsilini Azərbaycanda başa vurub.

BANM-dan bildirildi ki, məzunlar arasında dünyanın TOP 10-luğunda yer alan universitetlərdə təqaüdlə təhsil alanlar da var.

Onlardan biri də proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 2023-cü il məzunu İlqar Məmmədovdur. O, Kolumbiya Universitetində, İnformasiya təhlükəsizliyi ixtisasının məzunu, Tapdıq Məhərrəmli isə İsveçrə Federal Texnologiya İnstitutunda (ETH Sürix) Dövlət Proqramı ilə təhsilini davam etdirib.

BANM-in 700 bal toplamış məzunlarının bir hissəsi isə SOCAR, "PAŞA Bank", "Unibank", "Golden Pay", "Baykar Technologies" və digər aparıcı şirkət və maliyyə qurumlarında peşəkar fəaliyyət göstərirlər.

Eyni zamanda, məzunlardan bəziləri xarici ölkələrdə beynəlxalq səviyyəli iri şirkətlərdə çalışırlar. Məsələn, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının məzunu Mahirə Əsədzadə hazırda Macarıstanda "BlackRock" şirkətində Data mütəxəssisi vəzifəsində fəaliyyət göstərir.

Digər məzunlar isə xaricdə təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq beynəlxalq şirkətlərdə fəaliyyətlərini davam etdirirlər.

Kimya mühəndisliyi ixtisasının 2022-ci il məzunu Jalə Məmmədova Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində Almaniyada təhsilini tamamlayıb və hazırda "Technip Energies" şirkətində Proses mühəndisi vəzifəsində çalışır.

Beləliklə, 700 bal toplayan gənclərin sonrakı yolu göstərir ki, bu nəticə təkcə biliyin deyil, həm də məqsədyönlülüyün, zəhmətin və özünə inamın göstəricisidir. Onların bir qismi elmdə, digərləri innovasiya, sahibkarlıq, dövlət idarəçiliyi və beynəlxalq sahələrdə uğurla fəaliyyət göstərir. Bu nümunələr sübut edir ki, yüksək nəticə gələcək imkanların qapısını açır və doğru istiqamət seçildikdə, bu yol yeni nailiyyətlərə aparır. 700 bal isə yalnız başlanğıcdır.

Şahanə Xankişiyeva

Son xəbərlər