AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək
Sosial 689

“Azərbaycan Hava Yolları” QSC, “Silk Way Holding” şirkəti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşlıq haqqında saziş imzalamışdırlar.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan xarici turizmin inkişaf etdirilməsi kimi prioritet tapşırığı nəzərə alaraq, bu sahədə əsas qurumların əməkdaşlığı turizm sektorunun inkişafına müsbət təsir göstərəcək.

Sazişi “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “Silk Way Holding” şirkətinin birinci vitse-prezidenti Teymur Məmmədov və Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Senqstşmid imzalamışdır.

Saziş həm ölkənin əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı, həm də regional hava limanlarının sərnişin axınının artmasına yönəlmiş birgə tədbirlərin keçirilməsini nəzərdə tutur. Aşağıbüdcəli (loukost) aviadaşımalara, eləcə də sərfəli qiymətli üçulduzlu otellərin açılmasına böyük diqqət yönəldiləcək.

Bu gün ölkəmizə əsas turist axını hava daşımalarının payına düşür. AZAL milli aviaşirkəti yaxın və uzaq xarici ölkələrə müntəzəm və çarter reysləri yerinə yetirir.

Gələn ildən başlayaraq Azərbaycanın milli aviadaşıyıcısının donanmasına ən yeni “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq ki, bu da marşrut şəbəkəsinin coğrafiyasını daha da genişləndirməyə imkanı verəcək. Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyi xarici aviadaşıyıcıların cəlb edilməsi üzərində fəal şəkildə çalışır.

Qeyd edək ki, 2018-ci ilin ilk doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 3,49 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici 2017-ci ilin analoji göstəricisindən 10 faiz, 2016-cı ilin göstəricisindən isə 39 faiz çoxdur.

Azərbaycanın artan turizm potensialı sərnişin aviadaşımaları sahəsinin inkişafına, eləcə də yeni ölkə və şəhərlərə reyslərin açılmasına kömək edir. Hazırda Bakı hava limanı 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir.

BAKU.WS

Son xəbərlər