Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində hökumətlərarası saziş imzalanıb
Fevralın 24-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov Cibutinin Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Cibuti arasında ikitərəfli əlaqələri, həmçinin ölkələrimiz arasında ticarət əlaqələrinin perspektivlərini müzakirə ediblər.
Görüşün yekunlarına əsasən Cahangir Əsgərov və Mahmud Əli Yusuf mülki aviasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli hökumətlərarası saziş imzalayıblar. İmzalanmış saziş iki ölkə arasında müntəzəm sərnişin və yük daşımalarını həyata keçirməyə imkan verəcək ki, bu da öz növbəsində beynəlxalq münasibətlərin iqtisadi və mədəni inkişafına kömək edəcək.
Bakıdan Cibutiyə müntəzəm yük aviadaşımalarına martın sonu - aprelin əvvəlində başlamaq planlaşdırılır.
Cahangir Əsgərov qeyd edib ki, bundan öncə Cibuti Prezidenti İsmail Ömər Qelle ilə görüşdə əldə olunmuş razılaşmaya əsasən ilk reyslə Azərbaycan istehsalçılarının "Made in Azerbaijan" brendi altında 30 tona qədər məhsulları göndəriləcək. Azərbaycan məhsullarının yeni bazarda təqdimatı ölkələr arasında qarşılıqlı ticarət əlaqələrinin başlaması və ticarət dövriyyəsinin artırılması üçün böyük stimul olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan və İsrailin aviasiya hakimiyyətləri danışıqlar aparıb
28 dekabr 2016-cı il, Bakı - İsrail tərəfinin təklifi ilə 2016-cı il dekabrın 26-27-də Tel-Əvivdə Azərbaycan Respublikasının və İsrail Dövlətinin aviasiya admin...