Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində razılaşmalar əldə olunub (FOTO)
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti Cahangir Əsgərov 29-30 noyabr tarixlərində Cibutidə işgüzar səfərdə olub.
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səfər çərçivəsində C.Əsgərov Cibutinin bir sıra yüksək səviyyəli rəsmi şəxsləri ilə görüş keçirib.
Noyabrın 30-da Cibuti prezidenti İsmail Ömər Qelle ilə görüşən C.Əsgərov mehriban və səmimi qəbula görə dərin təşəkkürünü bildirərək, "Azərbaycan Hava Yolları" haqqında ətraflı məlumat verib. Eyni zamanda, C.Əsgərov ölkələr arasında əməkdaşlıq üçün güclü potensialın mövcudluğunu vurğulayaraq, gələcəkdə Azərbaycan-Cibuti münasibətlərinin daha da inkişaf edəcəyini bildirib.
Cibuti prezidenti İ.Ö.Qelle ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Prezident İ.Ömar Qelle Cibutinin daim qardaş Azərbaycanı hər bir sahədə dəstəklədiyini bildirib. Sonra C.Əsgərov Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüş keçirib.
Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı baş tutmuş və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə olunub. Bundan əlavə, "Azərbaycan Hava Yolları” ilə Cibuti aviaşirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. İmzalama mərasimindən sonra şirkət rəhbərləri mətbuata açıqlama veriblər.
C.Əsgərovun Cibutiyə səfəri zamanı həmçinin, Bakı-Cibuti arasında yükdaşımalar üzrə reysin açılması və eyni zamanda, Azərbaycan-Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə edilib.
BAKU.WS
Oxşar xəbərlər
Heydər Əliyev Beynəlxalq Hava Limanında ilk spottinq keçirilib (FOTO)
Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları" (AZAL) QSC tərəfindən təşkil olunan ilk rəsmi spottinq keçirilmişdir. Tədbirdə 30-a yaxın peşə...