Avropa ölkələrinin Bakıdakı səfirliklərinin ətrafını dəllallar bürüdü - Şengen vizası alveri
Son zamanlar sürətlə və əlavə əziyyətsiz Şengen vizalarının rəsmiləşdirilməsini təklif edən vasitəçi firmaların fəaliyyəti sözün əsl mənasında vüsət alıb. İnternetdə elanların satına baxsaq, bu cür “vasitəçilər”in sayı durmadan artır. Öz əməklərinə görə bu “ustalar” böyük məbləğlər tələb edir, fəqət onların cəlbedici təkliflərinə uyanların Avropaya gedib çıxa biləcəkləri böyük sual altındadır.
Avropa havası udmağa macal tapmamış elə həmin Avropa ölkələrinin sərhədindən geri qaytarılan Azərbaycan vətəndaşlarının sayı, bir, ya iki deyil, onlarladır. Gömrükdə onların vizalarının saxta olması üzə çıxır və belə şəxslərə Köhnə Dünyaya giriş 5 ildən 10 ilə qədər qadağan edilir.
Əlbəttə, qanuni yolla hərəkət etmək, bu və ya digər ölkənin səfirliyinin internet saytına anket-sifariş yollamaq, konsul şöbəsinin cavabını gözləmək olar. Lakin burda da “vasitəçilər” peyda olur. Redaksiyamıza müraciət etmiş, heç cür arzuladıqları vizaları ala bilməyən vətəndaşlar virtualaz.org-a bildiriblər ki, fırıldaqçılar, yəni həmin bu “vasitəçilər” qondarma adlar altında Şengen vizasına növbə tutur və sonradan həmin növbələri satırlar.
Səfirliyin saytında ayda cəmi bir dəfə qeydiyyatdan keçmək mümkün olduğundan, yalnız tək-tük adamlar zəhlətökən “vasitəçilər”in yaratdığı bu divarı yan keçməyə müvəffəq olurlar. Hər ayın ilk günü bu fırıldaqçılar sayta elə kütləvi hücum edirlər ki, internet səhifəsini açmaq belə problemə çevrilir. Bəziləri yarım il ərzində növbəyə düşməyə çalışsalar da, heç nə alınmır. Başqa sözlə, fırıldaqçıların hərəkətlərindən bu və ya digər səbəblər üzündən Avropaya getməli olan iş adamları, turistlər, tələbələr əziyyət çəkirlər.
Elə bu səbəbdən də son nəticədə dələduzlara müraciət etmək məcburiyyəti yaranır. Onlarla görülən iş isə yuxarıda qeyd etdiyimiz sonluqla nəticələnə bilər. Başqa sözlə, aldığınız vizanın saxta olmamasına heç bir zəmanət yoxdur.
Bununla yanaşı, vasitəçilik biznesi çox qazanclıdır. Əgər səfirlikdə vizanın qiyməti 35 avrodursa, vasitəçilər öz xidmətlərinə görə 100 avrodan 500 avroya qədər pul tələb edirlər – hər şey konkret halın mürəkkəbliyindən, yaxud vizanın uzunmüddətliyindən asılıdır. 200 avroya isə səfirliyin saytında internet qeydiyyatı və növbə problemini həll etmək olar – gözləmə müddəti bir həftəyə enir. Sifarişin verilməsi zamanı əsas sənəd sayılan dəvətnamənin saxtalaşdırılmasının və həmin saxta dəvətnamənin rəsmiləşdirilməsinin qiyməti isə daha bahadır.
Polşaya getməyə hazırlaşan vətəndaşlar bu hallarla son zamanlar daha tez-tez rastlaşırlar. Eyni zamanda, Polşa konsulluğunda qəti olaraq bildirirlər ki. yaranmış vəziyyətdə onların heç bir günahı yoxdur və vizalarla bağlı yalnız Azərbaycan vətəndaşları tərəfindən törədilən problemlərlə əlaqədar polisə müraciət etmək lazımdır.
Polşanın Azərbaycandakı səfirliyinin konsulu Silvester Rudi virtualaz.org-a bildirib ki, doğrudan da, onlara belə şikayətlərlə müraciətlər olur, lakin bunların araşdırılması diplomatların səlahiyyətlərinə aid deyil.
“Bu problemlərlə ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görürük. Dələduz sxemlər ifşa edilərsə və fırıldaqçıları bu sahədən uzaqlaşdırarlarsa, biz buna yalnız sevinərdik”, - o qeyd edib.
Vizaların rəsmiləşdirilməsi üzrə vasitəçi xidmətləri təklif edən firmaların mövcudluğunu miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov da təsdiqləyir.
“Sözün açığı, bunun nə dərəcədə qanuni olduğunu bilmirəm, lakin mən də xarici ölkələrin səfirliklərinin yaxınlığında xidmətlərini təklif edən belə firmaların “əməkdaşları” ilə rastlaşmışam. Lakin yenə də konsulluqların saytlarında qeydiyyatdan keçməyi, çətinliklər yaranarsa, konkret ölkənin Xarici İşlər Nazirliyinə məktubla müraciət etməyi məsləhət görürəm. Dəqiq bilirəm ki, Avropa ölkələrindən birinin saytında heç cür qeydiyyatdan keçə bilməyən bir xanım vətəndaşımıza həmin ölkənin Xarici İşlər Nazirliyinə ünvanlandığı məktubdan sonra cəmi 72 saat ərzində viza təqdim olundu.
Polşa konsulu ilə tamamilə razıyam ki, məsələ hüquqi müstəvidə həllini tapmalıdır – qanunları pozanlar cəzalandırılmalı, pullar geri alınmalıdır”, - ekspert vurğulayıb.
BAKU.WSOxşar xəbərlər
Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdır
Brüsseldə “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin də iştirak etdiyi Avropa ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin görüşü keçirilib....