Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdır

Azərbaycan Avropa səmasında təhlükəsizliyin qarantıdır
Sosial 524

Brüsseldə “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin də iştirak etdiyi Avropa ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin görüşü keçirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, görüşün nəticələrinə əsasən, AZANS Avropa Aeronaviqasiya Təşkilatlarının Direktorları Komitəsinə üzv seçilib.

Sözügedən Komitə İngiltərə, Almaniya, Belçika, Avstriya, İtaliya və digər iri Avropa ölkələrinin aeronaviqasiya qurumlarının baş direktorlarını bir araya gətirir.

Komitə həmçinin Avropa İttifaqı, “Eurocontrol”, “SESAR” HHT inkişaf proqramı, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi (EASA), İCAO və CANSO qarşısında Avropanın aeronaviqasiya qurumlarının mövqeyini müdafiə etmək, strategiyaların işlənib hazırlanması, qərarların qəbul edilməsi və tələblərin irəli sürülməsi üzrə rəhbər orqandır.

“Eurocontrol”-un məruzəsinə əsasən, Avropa hava məkanında hava axınının əhəmiyyətli artımı gözlənilir. 2018-ci ildə 11 milyon illk uçuş ilə müqayisədə bu göstərici 2040-cı ilə 16,2 milyon təşkil edəcək.

Belə böyük axınının tənzimlənməsi üçün Avropa təşkilatları hava məkanının buraxılış qabiliyyətinin artırılması üzrə harmonizasiya edilmiş tədbirlər planının işlənib hazırlanması, hava hərəkətinin idarə olunmasının avtomatlaşdırılması üzrə müasir texnologiyaların tətbiqi, HHİ dispetçerlərinin tələb olunan sayının təmin olunmasına başlanılmasını tövsiyə edirlər.

Ölkənin strateji mövqeyi və aeronaviqasiya təminatının müasir səviyyəsi sayəsində, Azərbaycanın hava məkanının Avropa üçün önəmi daha da artır. Azərbaycan vasitəsilə hava axınlarının artımı 2018-ci ildə 9 faiz təşkil etmişdir, halbuki Avropada illik artım orta hesabla 4 faiz təşkil edir.

Bu, ölkə üçün təkcə iqtisadi mənfəət yox, həm də strateji mənfəətdir, belə ki, AZANS Avropa səması üzərində hava trafikinin təhlükəsizliyinin qarantı kimi çıxış edir.

BAKU.WS

Son xəbərlər