Astana Azərbaycanlı pasiyentlər üçün yeni imkanlar açır

Astana Azərbaycanlı pasiyentlər üçün yeni imkanlar açır
Foto
Sosial 217

2026-cı il iyunun 16-da "InterContinental Baku" hotelində Astana şəhərinin tibbi turizminə həsr olunmuş beynəlxalq road-show keçirilib. Tədbirdə Qazaxıstan və Azərbaycanın aparıcı tibb müəssisələrinin, turizm sektorunun və hər iki ölkənin peşəkar icmalarının nümayəndələri iştirak ediblər.

Tədbir Astana Turizmin İnkişaf Mərkəzi (Astana Tourism) tərəfindən Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Tibbi və Termal Turizminə Dəstək Assosiasiyasının dəstəyi ilə təşkil olunub.

Road-show Qazaxıstan və Azərbaycan arasında səhiyyə və tibbi turizm sahələrində əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayıb. Tədbirin əsas məqsədi Qazaxıstan paytaxtının müasir tibbi xidmətlərini beynəlxalq bazarda tanıtmaq, hər iki ölkənin klinikaları və turizm şirkətləri arasında tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, eləcə də xarici pasiyentləri müalicə üçün Astanaya cəlb etmək olub.

Tədbir çərçivəsində Astananın aparıcı tibb müəssisələri öz nailiyyətlərini təqdim edib, qabaqcıl diaqnostika və müalicə metodları barədə məlumat verib, həmçinin şəhər səhiyyəsinin malik olduğu yüksək texnologiyalı həlləri nümayiş etdiriblər.

Bu gün Astana Mərkəzi Asiyanın aparıcı tibbi turizm mərkəzlərindən biri kimi mövqeyini inamla möhkəmləndirir. Şəhərdə fəaliyyət göstərən 9 tibb müəssisəsi beynəlxalq Joint Commission International (JCI) standartları üzrə akkreditasiyadan keçib ki, bu da göstərilən tibbi xidmətlərin yüksək keyfiyyət və təhlükəsizlik səviyyəsini təsdiqləyir.

Tədbir iştirakçılarının xüsusi marağına səbəb olan istiqamətlər sırasında neyrocərrahiyyə, onkoloji xəstəliklərin müalicəsi, uşaq reabilitasiyası, reproduktiv tibb və estetik cərrahiyyə yer alıb. Məhz bu sahələr hazırda azərbaycanlı pasiyentlər arasında ən çox tələbat görən istiqamətlər hesab olunur.

Astana nümayəndə heyətinin tərkibində Milli Uşaq Reabilitasiya Mərkəzi, Milli Neyrocərrahiyyə Mərkəzi, Milli Elmi Onkologiya Mərkəzi, "Ecomed" Reproduktiv Tibb Klinikası və "Tulip Medicine" Plastik Cərrahiyyə Klinikasının nümayəndələri iştirak ediblər. Onlar öz imkanlarını təqdim edib, azərbaycanlı həmkarları ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Road-show proqramına Astananın tibb müəssisələrinin təqdimatları, iki ölkənin tibb ictimaiyyətinin nümayəndələri arasında B2B görüşlər, həmçinin tibbi turizm sahəsində tərəfdaşlığın inkişafına yönəlmiş əməkdaşlıq memorandumlarının imzalanması daxil olub.

Tədbirin davamı olaraq iyunun 17-də Bakı sakinləri üçün "Citomed" klinikasında ödənişsiz ilkin konsultasiyalar təşkil edilib. Astanadan gələn aparıcı mütəxəssislər pasiyentləri qəbul edərək diaqnostika və müalicə ilə bağlı peşəkar rəy almaq imkanı yaradıblar.

Bakıda beynəlxalq road-show-un keçirilməsi Astana şəhərinin tibbi turizminin inkişafı strategiyasının həyata keçirilməsi və Qazaxıstan paytaxtının yüksək keyfiyyətli, müasir və yüksək texnologiyalı tibbi yardım mərkəzi kimi beynəlxalq səviyyədə tanıdılması istiqamətində növbəti addım olub.

Bu cür təşəbbüslərin inkişafı Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır, eyni zamanda region sakinlərinin dünya səviyyəli müasir tibbi texnologiyalara çıxış imkanlarını genişləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər