Antioksidant əlavələri nə üçün təhlükəli ola bilər?
Uzun illər antioksidantlar qocalmanı ləngidən, ömrü uzadan "möcüzə vasitə" kimi təqdim olunub. Lakin son elmi araşdırmalar bu fikrin reallığı tam əks etdirmədiyini göstərir.
Mütəxəssislər bildirir ki, antioksidant əlavələri gözlənilən faydanı vermir, bəzi hallarda isə sağlamlıq üçün risk yarada bilər.
BAKU.WS xəbər verir ki, Antioksidantlar orqanizmdə sərbəst radikalları neytrallaşdırır. Bu hissəciklər DNT-yə, zülallara və hüceyrə membranlarına zərər verə bilir. Məhz bu səbəbdən illərlə sərbəst radikalların qocalmanın əsas səbəbi olduğu düşünülüb. Ancaq yeni elmi nəticələr göstərir ki, sərbəst radikallar eyni zamanda orqanizmin normal fəaliyyəti üçün vacib siqnal molekullarıdır.
Araşdırmalar sübut edir ki, antioksidantların süni şəkildə qəbul edilməsi bu həssas tarazlığı poza bilər. Böyük klinik tədqiqatlara əsasən, antioksidant əlavələri nə ömrü uzadır, nə də ümumi ölüm riskini azaldır. Əksinə, təxminən 230 min nəfərin iştirak etdiyi geniş meta-analizdə A və E vitaminləri, eləcə də beta-karotinin istifadəsinin ölüm riskini az da olsa artırdığı müəyyən edilib.
Müsbət təsir yalnız bəzi heyvan təcrübələrində müşahidə edilsə də, insanlarda bu nəticələr təsdiqlənməyib.
Mütəxəssislər qeyd edir ki, əsas problem antioksidantların orqanizmdə lazımi hüceyrə bölgələrinə, xüsusilə də mitoxondrilərə çatmamasıdır. Bundan əlavə, antioksidantlar "hormezis effekti" adlanan mühüm mexanizmi zəiflədə bilər. Bu mexanizmə görə, qısa və zəif stress orqanizmi daha dözümlü və güclü edir. Məsələn, fiziki aktivlik zamanı yaranan müvəqqəti oksidləşdirici stress müdafiə sistemlərini gücləndirir. Antioksidant əlavələri isə bu faydalı prosesi bloklaya bilər.
Alimlər vurğulayır ki, sağlam qocalma üçün əsas yol süni əlavələr deyil, balanslı qidalanma, fiziki aktivlik və orqanizmin öz müdafiə mexanizmlərinin düzgün işləməsidir.
Oxşar xəbərlər
Bakıda məşhur kollec TƏMİR OLUNACAQ
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin Yasamal tədris korpusunda cari təmir işləri...