ANAMA: Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib
2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub, onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) təşkilatçılığı ilə bölgəyə təşkil edilmiş mediaturda məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işləri davam etdirilir.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən indiyədək Qarabağ və Şərqi Zəngəzurda 161 min hektardan çox ərazi minalardan təmizlənib, 156 mindən çox mina və müxtəlif təyinatlı hərbi sursatlar tapılaraq zərərsizləşdirilib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara hələ də rast gəlinir.
Media nümayəndələri Füzuli rayonunun keçmiş təmas xəttinə yaxın ərazilərinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi zamanı qarşıya çıxan çətinliklər haqqında ətraflı məlumatlandırılıb.
ANAMA-nın əməliyyat rəhbəri Habil Babayev jurnalistlərə bildirib ki, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qalıqları ilə ciddi şəkildə çirklənməsi müşahidə edilir. Onların işə düşməsi zamanı insanların həyat və ya sağlamlığının itirilməsi, uzunmüddətli ağır psixoloji travma almaları ilə nəticələnir. Əksər hallarda minaların qurbanları mülki əhali olur. 2020-ci ilin noyabr ayından indiyədək 379 nəfər mülki şəxs mina qurbanı olub. Onlardan 70 nəfəri ölüb, 309 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qalereya
Oxşar xəbərlər
Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev icraçı vitse-prezident Fərrux Mahmudovla birgə millinin oyunçunuları və məşqçi heyəti ilə...