Ağsu Aqropark 2030-cu il hədəflərini açıqladı
Dağlıq Şirvan iqtisadi rayonunda keçirilən tədbirdə Ağsu Aqropark QSC-nin direktoru Atababa İsayev müəssisənin 2030-cu ilədək inkişaf hədəfləri və qarşıya qoyduğu öhdəliklər barədə məlumat verib.
Bildirilib ki, Prezident İlham Əliyevin 25 may 2026-cı ildə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlar aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və idxaldan asılılığın azaldılması istiqamətində yeni mərhələnin başlanğıcını qoyub.
Ağsu Aqropark da bu məqsədlərə töhfə vermək üçün fəaliyyətini genişləndirir. 2018-ci ildən fəaliyyət göstərən aqropark hazırda 1800 hektar ərazidə əkinçilik və heyvandarlıqla məşğul olur.
Müəssisənin istifadəsində 90-a yaxın müasir aqrotexnika var, əkin sahələrinin dronlarla dərmanlanmasına başlanılıb ki, bunun da məhsul itkilərini 10-15 faiz azaltması gözlənilir.
Atababa İsayev qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci ildə Ağsu Aqroparka səfəri zamanı qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.
Belə ki, pivot suvarılan sahələrdə buğda məhsuldarlığı 2022-ci ildəki 50 sentnerdən 2026-cı ildə 75-80 sentnerə yüksəlib. Hazırda aqroparkın balansında 800 hektar pivot suvarma sistemi mövcuddur.
2030-cu ilədək əlavə 1000 hektar sahədə yeni pivot sistemlərinin qurulması əsas hədəflərdən biridir. Müəssisə illik 4 milyon litr süd istehsal etsə də, növbəti illərdə bu göstəricinin 5 milyon litrə çatdırılması planlaşdırılır.
Ət istehsalının isə yeni cins heyvanların gətirilməsi hesabına 300 tondan 500 tona yüksəldilməsi nəzərdə tutulur.
Ağsu Aqroparkda hazırda 200-250 nəfər çalışır.
Müəssisə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatının inkişafı istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə davam edəcəyini bəyan edib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda hava limanlarının inşası üçün maliyyə mənbələri müəyyənləşib
Azərbaycanda hava limanlarının tikintisi və yenidən qurulmasının maliyyələşdirilməsi mənbələri müəyyənləşib. BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevi...