17 manatlıq yağ 21 manat olub - Qiymət niyə ucuzlaşmır?

17 manatlıq yağ 21 manat olub - Qiymət niyə ucuzlaşmır?
Açıqlama Video
Sosial 19

Azərbaycanda həm kərə, həm də duru yağların qiymətində artım müşahidə olunur.

BAKU.WS xəbər verir ki, Yeni Zelandiya istehsalı olan yağın qiyməti əvvəllər 17 manat olduğu halda, hazırda 21 manata yüksəlib.

elarusiyadan gətirilən kərə yağı 19 manatdan 25 manata, Almaniya istehsalı olan məhsul isə təxminən 20 manatdan 30 manata qədər bahalaşıb.

Türkiyə istehsalı olan yağın bir litri əvvəllər 4-5 manata satıldığı halda, hazırda qiymət 8-9 manat təşkil edir.

İdxal olunan məhsulun həcmi və orta qiyməti azalsa da, bu dəyişiklik pərakəndə satış qiymətlərində ucuzlaşmaya səbəb olmayıb. İqtisadçı Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bunu daxili istehsalın azalması və ölkə daxilində xərclərin artması ilə əlaqələndirib:

"Bu ilin avqust ayında kərə yağının qiymətində iyul ayı ilə müqayisədə ciddi dəyişiklik qeydə alınmayıb. Lakin illik göstəricilərlə müqayisə bazarda bahalaşmanın davam etdiyini göstərir.

Kərə yağının qiyməti ötən ilin avqustu ilə müqayisədə 4,3 faiz artıb. Bu ilin ilk səkkiz ayının orta qiyməti isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz yüksək olub. İqtisadçı qeyd edib ki, kərə yağında müşahidə olunan bahalaşma ümumi inflyasiya göstəricisinə uyğun olsa da, ərzaq inflyasiyasından bir qədər aşağıdır".

Xalid Kərimli idxal göstəricilərində isə fərqli mənzərənin olduğunu vurğulayıb. Belə ki, bu ilin ilk səkkiz ayında Azərbaycana 16,5 min tondan çox kərə yağı və bu istiqamətdə məhsul idxal edilib. Bunun üçün təxminən 102 milyon dollar vəsait xərclənib. Ötən ilin eyni dövründə isə idxalın həcmi 18 min tonu, dəyəri isə 124 milyon dolları ötüb.

İqtisadçı bildirib ki, müqayisə nəticəsində bu ilin səkkiz ayında idxalın fiziki həcminin 8,7 faiz, orta idxal qiymətinin isə 9,5 faiz azaldığı görünür. Buna baxmayaraq, idxal qiymətlərindəki ucuzlaşma mağazalardakı satış qiymətlərinə təsir etməyib:

"Bunun əsas səbəblərindən biri ölkə daxilində istehsal və satışla bağlı xərclərin artmasıdır. İşçi qüvvəsi, məhsulun saxlanması və daşınması xərclərinin yüksəlməsi idxal qiymətlərindəki azalmanın pərakəndə satışda hiss olunmasına mane olur.

17 manatlıq yağ 21 manat olub - Qiymət niyə ucuzlaşmır?

Bu ilin ilk səkkiz ayında yerli kərə yağı istehsalı da təxminən 11 faiz azalıb. Beləliklə, həm idxalın fiziki həcminin, həm də daxili istehsalın azalması bazarda təklifə təsir göstərib. Nəticədə idxal qiymətlərinin aşağı düşməsinə baxmayaraq, satıcılar və idxalçılar bu ucuzlaşmanı son istehlak qiymətlərinə yansıtmaqda maraqlı olmayıblar.

Ölkədə orta aylıq əməkhaqqının ötən illə müqayisədə 7,2 faiz artması, eləcə də enerji və daşınma xərclərinin bahalaşması da qiymətlərə təsir edən amillərdəndir. Xüsusilə ötən ilin dekabrında yanacaq və benzinin qiymətindəki artım məhsulların saxlanması və daşınması xərclərini yüksəldən amillərdən biri kimi çıxış edir"

Dünya bazarındakı vəziyyətə toxunan Xalid Kərimli qeyd edib ki, Ümumdünya Ərzaq Təşkilatının avqust ayı üzrə məlumatlarını əks etdirən sentyabr hesabatında yağ qiymətlərində nisbi sabitlik müşahidə olunur. Bununla yanaşı, son bir ildə süd məhsullarının ümumi qiymət indeksində təxminən 22 faizlik azalma qeydə alınıb. Avqust ayında isə süd məhsulları indeksində müəyyən bahalaşma baş verib.

İqtisadçı hesab edir ki, mövcud göstəricilər Azərbaycanda kərə yağının ucuzlaşmasından deyil, qiymətlərin sabitləşməsindən danışmağa əsas verir. İdxal qiymətlərinin aşağı düşməsi hələlik istehlak bazarında özünü göstərmir və daxili xərc amilləri pərakəndə satış qiymətlərinin azalmasına mane olur.

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər