72 günlük fasilədən sonra yenidən fəaliyyətə başlayan Bakı Metropoliteninin stansiyalarında hələ ki, ciddi sıxlıq yaranmayıb.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda stansiyalara nəzarət gücləndirilib:

"Sentyabrın 14-də fəaliyyətə başlayandan 1 gün sonra ölkədə yeni tədris ili də başladı. Bu isə metroda sərnişin sayının artması deməkdir. Amma bir məsələ var ki, bu il tədrisə davamiyyət də ötən ilkilərdən fərqli qrafikdədir. Ona görə də stansiyalarda gözlənilən sıxlıq yoxdur. Hələ ki, stansiyalarda pik saatlarda da vəziyyət nəzarət olunan səviyyədədir.

Stansiyalarda sərnişinlərin qaydalara əməl edib-etməməsinə nəzarət edən xüsusi işçilər var. Bu işçilər sərnişinlər arasında maarifləndirmə aparır, onları qaydalara əməl etməyə çağırır. Stansiya platformalarında sərnişinlərin tibbi maskadan istifadəsinə ciddi nəzarət olunur, sosial məsafənin qorunması tövsiyə edilir.

Həmçinin sərnişinlərə başa salınır ki, əgər qaydalara əməl olunmasa, ölkədə virusa yoluxma səviyyəsi artacaq və bu da metronun yenidən fəaliyyətini dayandırması ilə nəticələnəcək".

B.Məmmədov əlavə edib ki, hazırda metrostansiyalarda qrafikə uyğun olaraq mütəmadi dezinfeksiya işləri davam etdirilir. Metroda Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qayda və tövsiyələrə ciddi əməl edilir.

BAKU.WS