Martın 30-da səhər saatlarından etibarən Bakı və ətraf rayonlarda təbii qazın verilməsində problemlər yaranıb. Bir çox rayonlarda isə təbii qazın verilişi tamamilə dayandırılıb. 

BAKU.WS xəbər verir ki, bu barədə Bakı və bölgələrdə yaşayan sakinlər musavat.com-a məlumat veriblər. Bakının Xətai, Sabunçu, Qaradağ, Xəzər, Yasamal, Suraxanı rayonlarının bir çox qəsəbələrində təbii qazın verilişi tamamilə kəsilib. Bölgələrdə -  Ağdaş, Mingəçevir, Tovuz,  Şəmkir, Masallı, Xaçmaz rayonlarında da bəzi kəndlərdə təbii qazın verilişində problemlərin olduğu bildirilir. 

Təbii qazla yanaşı, elektrik enerjisinin də verilişində problemlərin olması barədə sosial şəbəkə istifadəçiləri məlumatlar paylaşıblar. 

Masazır qəsəbə sakini Surxay Niftəliyevin sözlərinə görə,  təbii qaz bir neçə gündür ki, fasilələrlə verilirmiş, bu gün səhər saatlardan isə tamamilə kəsilib: "Elektrik enerjisi də 14:30 radələrindən yoxdur".

"Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, təbii qazın verilməsində yaranan problemlər qaz sızmasının baş verdiyi ərazilərdə təmir işlərinin aparılması ilə bağlıdır: "Hazırda qaz olmayan ərazilərdə qaz sızması müəyyən olunduğundan həmin ərazilərdə təmir işləri aparılır. Heç bir qəza hadisəsi baş verməyib”.

Qurumun rəsmisi təbii qazın verilməsi ilə bağlı yaranan problemlə bağlı əvvəlcədən xəbərdarlıq edilməməsinin səbəbini belə izah edib: "Həmişə qəza baş verən ərazidə görüləcək təmir işləri haqda əvvəlcədən məlumat yayırıq. Ancaq qaz sızmasını əvvəlcədən müəyyən etmək olmur. Buna görə də qaz sızması olan kimi təbii qazın verilişi dayandırılır”.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki gün ərazində Bakıda və bölgələrdə elektrik enerjisinin verilməsində heç bir problem yaşanmayıb: "Paytaxtda və bölgələrdə heç bir qəza hadisəsi baş verməyib. Yalnız fərdi yaşayış evlərində ola bilər ki, hansısa problemlər yaransın. Ayın sonu olduğundan bəlkə də borclu abonentlərin elektrik enerjisi kəsilib. Səbəblərdən biri də bu ola bilər. Yalnız Masazır qəsəbəsində, İlyas Bayramov küçəsində fərdi yaşayış evlərində 2 saatdan çoxdur işıq yoxdur. Bu da elektrik xətlərindəki problemlə bağlıdır. Bu da həll ediləcək”.

T.Mustafayev bəzi rayonlarda təbii qazın verilməsində yaşanan problemlərə görə, elektrik enerjisindən istifadəyə tələbatın artdığını bunun da bəzi bölgələrdə kiçik də olsa problemlər yaratdığını qeyd etdi.
 
BAKU.WS