VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Məktəb müəllimlərinin minimal əməkhaqqı 1000 manat olmalı və inflyasiyaya qarşı indeksləşdirilməlidir”.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.

O bildirib ki, gənc ailələr üçün böyük maddi və psixoloji problemlər yaradan repetitorluğa son qoymaq üçün ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq həyata keçirilməlidir:

“Orta məktəblərdə birnövbəli təhsili təmin etmək üçün özəl orta məktəblərin sayı artırılmalıdır. Bunun üçün özəl orta məktəblərin tikintisi torpaq sahələrinin ayrılması, ucuz kreditlər və vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır”.

Millət vəkilinin fikrincə, ali təhsil müəssisələrinin əksəriyyəti və Azərbaycan Milli Elmlər Akademiyası özəlləşdirilməlidir:

“Elmlər Akademiyası özəl universitetə çevrilməlidir. Bütün inkişaf etmiş ölkələrdə əsas elmi araşdırmalar universitetlərdə aparılır. Mülkiyyət növündən asılı olmayaraq, bütün universitetlərin rektorları həmin ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə seçilməlidir. Universitetlərin fəaliyyəti üçün tələbə yataqxanalarının olması əsas şərt kimi qoyulmalı, tələbələrə təhsil kreditləri verilməlidir.

Universitetlər üçün yüksək ixtisaslı müəllimlər hazırlamaq məqsədilə hər il 1000 nəfər dövlət hesabına, eyni sayda şəxs isə universitetlərin öz hesabına dünyanın nüfuzlu universitetlərinə göndərilməlidir. Bu cür ciddi qərarlar qəbul etməklə, elmə və təhsilə ayrılan xərcləri ilkin mərhələdə ən azı iki dəfə artırmaqla, bu sahədə əhəmiyyətli uğurlar qazana bilərik”, - deyə Q.Həsənquliyev əlavə edib.

BAKU.WS