SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş 5823 nəfər şəxsi birdəfəlik pul müavinətlə təmin edib.
 
BAKU.WS-in məlumatına görə, qanunvericiliyə əsasən, qeyd olunan insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ödənilib.
 
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğuna köməklik göstərilməsi üçün onların peşə hazırlığına cəlb edilməsi işləri aparılır. Ötən il ərzində həmin şəxslərdən 152 nəfəri üçün əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. 

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də belə şəxslərin sosial və peşə adaptasiyası, onların  sosial mühitə uyğunlaşdırılması və s. istiqamətlərdə tədbirlər həyata keçirəcək. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilmiş şəxslər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid olduqlarından məşğulluq orqanları tərəfindən onların müəssisələrdə ayrılmış kvota üzrə iş yerləri ilə təminatı işləri də görülür.    
BAKU.WS