VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabahdan Bakıda Novruz bayramı tədbirlərinin keçirilməsilə əlaqədar olaraq, martın 19-u səhər saatlarından etibarən paytaxtda bir sıra yollarda avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.


Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib.

Qurum rəsmisinin sözlərinə görə, İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız qalası və Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

V.Əsədov bildirib ki, "Azneft" meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bundan əlavə, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.

"Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək. Eyni zamanda sürücülərdən, avtomobil sahiblərindən xahiş olunur ki, xüsusən günün qaranlıq saatlarında yorğun, yuxusuz halda, nəqliyyat vasitəsini idarə etməsinlər, yol hərəkət qaydalarına ciddi riayət etsinlər”.

Yol polisi sürücülərə yollarda olarkən son dərəcə ehtiyatlı və daha diqqətli olmağı məsləhət bilib:

“Bölgələr istiqamətində hərəkət edən sürüclərə, bir qayda olaraq, təhlükəsizlik kəmərindən istifadə etmək, yol boyu hərəkəti nizamlayan nişanların göstəricilərinə və sürət həddinə əməl etmələri tövsiyə olunur. Bundan əlavə, sükan arxasında olarkən mobil telefonla danışmayıb, təhlükəsizlik kəmərlərindən istifadə edin”.

Ziya SƏCCAD
BAKU.WS