Bakı şəhərində parkinqlərdə qiymət artırılıb.

BAKU.WS BakuPost-a istinadla xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilmiş parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb.

Məsələn, Bakıda Qış Parkında yerləşən parkinqdə bir avtomobil üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır.

Sürücülər artıq sosial şəbəkələrdə "üsyan” etməyə başlayıblar. Müxtəlif qruplarda bu barədə yazan sürücülər, BNA-nın bu qərarını heç nə ilə izah etmədiyini bildirirlər.

BAKU.WS məsələ il bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. BNA-dan bildirilib ki, hazırda əsas diqqət Füzuli və Mirzəğa Əliyev küçələri arasında, eyni zamanda Neftçilər prospekti-Hökümət evinin qarşısında yerləşən yeraltı avtomobil qarajlarında təhlükəsizlik və digər vacib məqamlarla bağlı zəruri infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.

"Bu istiqamətdə ciddi iş aparılmaqdadır. Bu işlər yekunlaşdıqdan sonra qiymət siyasətinə də baxılacaq. Tariflərlə bağlı yeni bir qərar olacağı halda təbii olaraq ictimaiyyətə əvvəlcədən məlumat veriləcək".

BAKU.WS