SİZİN REKLAM BURADA!
055 213 76 73



“İctimaiyyətlə əlaqələr (Public Relations-PR) mütəxəssisi təmsil etdiyi şəxsin, dövlət, yaxud özəl təşkilatın ictimaiyyət ilə qarşılıqlı ahəngdar əlaqələrinin qurulması, həmin əlaqələri inkişaf etdirərək bu münasibətləri müsbət istiqamətdə saxlamağı bacarmalıdır. Bu zaman şəxs və təşkilatın fəaliyyəti barədə cəmiyyətin məlumatlandırılması və pozitiv imicin yaradılması istiqamətində bir neçə qəbul olunmuş vasitələrdən, alətlərdən istifadə olunur ki, bunlardan da biri mediadır.

Bəzən PR mütəxəssisi mətbuat katibi ilə səhv salırlar. Bunun birincisi öncə sadaladıqlarımı icra edir, ikincisi isə qurumun və ya şəxsin media ilə əlaqələrini qurur və bu əlaqələri inkişaf etdirir. Dünya ölkələrində, beynəlxalq və transmilli şirkətlərdə bu artıq neçə illərdir tətbiq edilir. Artıq ölkəmizdə də bir sıra dövlət qurumlarında və iri şirkətlərdə İctimaiyyətlə Əlaqələr ilə mətbuat katibi funksiyalarını daşıyan şəxslər ayrılıb.”

BAKU.WS
xəbər verir ki, bunu “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri, Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədzadə deyib.

İ.Məmmədzadə bildirib ki, ictimaiyyətlə əlaqələr mütəxəssisinin başlıca vəzifəsi ondan ibarətdir ki, həmin təşkilatla ictimaiyyət arasında iki tərəfli əlaqələri qurmağı bacarsın: “Bu əlaqələri dost səviyyəsinə, yəni müsbət səviyyəyə çatdırmağa, inkişaf etdirməyə çalışmalıdır. Bu gün ictimaiyyətlə qurum arasında bir sıra əlaqələndirici vasitələr var ki, onlardan da biri həmin təşkilatların veb səhifələri, rəsmi internet səhifələridir. Bu səhifələr mütəmadi olaraq aktiv olmalıdır, daim xəbərlərlə yenilənməlidir, təşkilatın fəaliyyəti, məqsəd və missiyası ilə bağlı geniş məlumatlar yerləşdirilməlidir. Onun fəaliyyəti ilə yanaşı, təşkilatla necə əlaqə saxlamaq olar, harada yerləşdiyi, dövlət qurumudursa rəsmi şəxslərin qəbul günləri və saatları barədə məlumatlar əks olunmalıdır.

Ümumilikdə götürdükdə hər bir təşkilatın rəsmi veb səhifəsi o təşkilatın vizit kartıdır. Mətbuat katibləri isə həmin təşkilatla ictimaiyyət arasında əlaqələndirici vasitə olaraq Kütləvi İnformasiya Vasitələri (KİV) ilə aktiv əlaqə qurmalıdırlar. İlkin informasiya mənbəyi olan mətbuat katibi media üçün əlçatan olmalıdır. Əffsuslar olsun ki, bu hər zaman belə olmur. Hər zaman ictimaiyyətə açıq olmaq lazımdır. Bəzən qurumun mətbuat katibi məzuniyyətdə çıxdıqda və ya qeyri-iş günü olduqda media mənsubu üçün həmin təşkilat ilə əlaqə saxlamaq olduqca çətin olur. Belə bir deyim var ki, İctimaiyyətlə əlaqələr (PR) mütəxəssisi, o cümlədən mətbuat katibi olaraq fəaliyyət göstərmək istəyirsənsə telefonun sönməməlidir.

İctimaiyyətlə əlaqələrin qurulmasında həmçinin mümkün kommunikasiya vasitələrindən geniş istifadə etmək lazımdır. Təşkilatların, nazirliklərin, özəl şirkətlərin rəsmi səhifələri ilə yanaşı sosial şəbəkələrdəki profilləri, səhifələri də hər zaman aktiv olmalıdır. Belə ki, bu gün online media ilə yanaşı günümüzdə sosial şəbəkələrdən (facebook, twitter, linkedin, instagram, youtube və s) geniş istifadə olunmaqdadır. Sosial medianın alətləri olan bu şəbəkələr üzərindən də ictimaiyyətlə əlaqələr çox sıx qurulmalıdır. Yəni vətəndaşların sosial şəbəkə üzərindən təşkilatla əlaqə saxlaması, onları maraqlandıran məqamlara, suallara orada da cavab verilməsi gərəkdir. Bu həmin təşkilatın işgüzar və korporativ imicinə müsbət təsir göstərəcək.

Bu gün ölkəmizdə sosial şəbəkələr üzərindən icimaiyyətlə, o cümlədən media ilə əlaqələrini qurararq idarə edən şirkət və dövlət müəssisələri var. Məsələn, Vergilər, İqtisadiyyat, Kənd Təsərrüfatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, ASAN Xidmət və bir sıra dovlət təşkilatları ictimaiyyətlə əlaqələrini çox yaxşı qurublar və bunu daim inkişaf etdirməkdə maraqlıdılar.

Sosial mediadan da nəzər salsaq həmin qurumların aktiv fəaliyyəti nəzərə çarpacaq. Ola bilər ki, bu sahədə kifayət qədər ciddi iş görən digər dövlət qurumlarının adını çəkmədim. Lakin görünən odur ki, ictimaiyyətlə əlaqələrin qurulması istiqamətində bir canlanma var. Artıq dövlət və özəl təşkilatların rəhbərləri başa düşürlər ki, fəaliyyətləri barədə ictimaiyyəti daim məlumatlandırmaq və geri dönüşləri nəzərə alaraq işə davam etmək lazımdır. İctimai rəyin formalaşması rəsmi hesabatlarda deyil, ictimaiyyətlə münasibətlərdə, korporativ imicin, işgüzar nüfuzun yaradılmasından asılıdır.”.

İ.Məmmədzadə qeyd edib ki, böhran anında - yəni hər hansı bir xoşagəlməz hadisə baş verdikdə, neqativ bir yazı yayımlanarsa, yaxud arzuolunmaz bir hal baş verərsə o zaman dərhal vaxtında məsələyə reaksiya vermək, problemin araşdırılmasında maraqlı olmaq lazımdır: “Bəzən baş verən böhranı ya cavablandırmaqdan qaçırlar, ya da görməməzlikdən gəlirlər. Hər iki yanaşma yanlışdır. Hadisənin üzərinə gedilməli, prossesin gedişatı, səbəb və nəticəsi barədə ictimaiyyəti daimi məlumatlandırmaq lazımdır. Mətbuat katiblərinin üzərinə düşən digər iş isə daxil oan sorğuların vaxtında cavablandırılmasıdır.

Mətbuat katibləri ümumilikdə götürdükdə kifayət qədər yaradıcı və aktiv insan olmalıdır”. Təbii ola bilər ki, iş yükü çox olsun, cari və strateji fəaliyyət ilə yüklənmiş olsun. Lakin bütün bunlarla yanaşı mətbuat katibinin tutduğu postun məsuliyyətini və sorumluluğunu unutmamalıdır. Birmənalı olaraq mətbuat katibi KİV haqqında qanunu, Söz azadlığı haqqında qanunu, İnformasiya əldə etmək haqqında qanunu kifayət qədər bilməlidir ki, daxil olan sorğunu neçə gün müddətinə cavablandırmaq, hansı halda 24 saat ərzində, hansı sorğuların 5 gün ərzində cavablandırılmaq lazım olduğunu, sorğu uzadılırsa qarşı tərəfi bu barədə məlumatlandırmaq, əgər sorğunun həmin təşkilata aidiyyəti yoxdursa xəbərdar etmək lazım olduğunu bilsin.

Medianın idarə olunması həssas bir məqamdır və burada mətbuat katibi qanunvericiliyi və öz vəzifə səlahiyyətlərini, qulluq funksiyalarını kifayət qədər bilməlidir. Bəzən mətbuat katibləri seçiləndə bunlar nəzərə alınmır. Onlar da əlaqələrin yaradılmasında qaydaları özləri təyin edir. Hansı ki, bu qaydalar əvvəldən mövcuddur və qanunvericiliklə tənzimlənir. Düşünürəm ki, təşkilatın işgüzar imicinin formalaşmasında 50% rol rəhbərliyin üzərinə düşürsə, digər 50% də İctimaiyyətlə Əlaqələr (PR) mütəxəssisinin üzərinə düşür.

İ.Məmmədzadə təmsil etdiyi təşkilat – Veysəloğlu Şirkətlər Qrupu haqqında da bir neçə məqama diqqət çəkib: “Bu gün bizim qurumun rəsmi veb səhifələri, sosial şəbəkələr üzərindən hesabları mövcuddur ki, buradan da şirkət öz fəaliyyəti barədə ictimaiyyətə mütəmadi məlumatlar ötürür. Vətəndaşlar, media tərəfindən daxil olan sorğular cavablandırılır. Çalışırıq heç bir sorğunu cavabsız qoymayaq. İctimaiyyətlə əlaqələrin idarə olunması istiqamətində görülən işlər və atılan addımlar barəsində daim şirkət rəhbərliyinə hesabatlar verilir. Yeni kommunikasiya vasitələrindən istifadə edərək şirkətimizin fəaliyyəti, missiyası barədə ictimaiyyəti daim məlumatlandırmağa və bu münasibətləri daha da inkişaf etdirməyə çalışırıq”.

Bu yazı “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Açıq hökumətin təşviqi - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili” layihəsi çərçivəsində hazırlanıb.

BAKU.WS