SİZİN REKLAM BURADA!
055 213 76 73



Ölüm - canlı orqanizmin həyat fəaliyyətinin dayanmasıdır. Amma elm o dərəcə də inkişaf edib ki, indi biz ölümümüzdən sonra bir neçə insana həyat verə bilərik. Cansız bədənimizdə bizə gərəksiz olan orqanlarımız başqa bir insanın yaşamamını davam etdirə bilər. Bəli, biz öldükdən sonra ölüm ayağında olan bir neçə insanı həyata qaytara, onların doğmalarını xoşbəxt edə bilərik. Eyni zamanda bağışladığımız orqan kiminsə canında yaşayacaq o da həyat tapacaq. Bundan gözəl nə ola bilər?!

Bütün dünyada orqan köçürülməsinin təxminən 90-95 faizi meyitdən götürülən orqanların hesabına həyata keçirilir. Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir. Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını, tutaq ki, böyrəyinin birini, bir də bərpa olunan orqanını, yəni qara ciyərinin bir hissəsini verə bilər, ancaq digər orqanların canlı insandan transplantasiyası mümkün deyil.

Orqan bağışlanması bir insanın ölümündən sonra orqanlarının başqa bir insan üçün istifadə edilməsinə icazə verməkdir

Artıq 15 ilə yaxındır ki, Azərbaycanda orqan köçürülməsi həyata keçirilsə də, indiyə qədər meyitdən orqan götürülməsi işi təşkil olunmayıb. Mövcud "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun 1999-cu ildə qəbul olunub, lakin Donor haqqında qanun hələ də yoxdur və bilavasiyə Donor bankı da yoxdur.

Azərbaycanda böyrək, qara ciyər, sümük iliyi, gözün buynuz qişası, süni oynaqların transplantasiyası kimi əməliyyatlar uğurla həyata keçirilir

Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır. Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sistemin yaradılmasının vacibliyini qeyd edir: “Azərbaycanda böyrək, qara ciyər, sümük iliyi, gözün buynuz qişası, süni oynaqların transplantasiyası kimi əməliyyatlar uğurla həyata keçirilir. Lakin donor və orqan qıtlığı var. Praktika göstərir ki, orqan nəqlinə olan tələbat qat-qat artıqdır. Orqan nəqlinə ehtiyacı olanların sayının bilinməsi üçün Azərbaycanda reyestr sistemi yaradılmalı, beyin ölümünü dəqiq təsbit edən mərkəz təşkil olunmalı, donorluq məsələsi qanunla tənzimlənməlidir”.

                      Milli Məclisin səhiyyə komitəsinin sədri, cərrah-onkoloq, əməkdar elm xadimi Əhliman Əmiraslanov 

Ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. olmaqla köçürülməli olan orqanların siyahısı hazırlanır

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev meyitdən köçürülməsinə icazə verilən orqanların siyahısının artırlacağını deyir: Hazırda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır. Bunu həyata keçirmək üçün yaradılan işçi qrupu qanunvericilikdə meyitdən orqan götürülməsinin qaydaları və şərtlərini, razılıq vermə qaydalarını, klinikalar qarşısında texniki tələbləri və s. məsələləri müəyyənləşdirir.

O cümlədən, orqan bankının, donorların və donorluğa ehtiyacı olan şəxslərin reyestrinin yaradılmasının vacib məsələdir. Bundan əlavə, mövcud qanunda köçürülməli olan orqanların dar siyahısı, yəni böyrək, qara ciyər, gözün buynuz qişası yer alıb. Ancaq indi ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. olmaqla köçürülməli olan orqanların siyahısı da genişləndirilir və bu istiqamətdə iş gedir. Bu işlər yekunlaşdıqdan sonra dəyişikliklər parlamentin Səhiyyə komitəsində müzakirə olunaraq Milli Məclisə tövsiyə ediləcək”.

                      Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri namizədi Musa Quliyev

Ürək, ağciyər, gözün buynuz qişası və sairə orqanlar var ki, bu insanlar yalnız meyit oqranları ilə həyata qayıda bilər

Azərbaycanda orqan köçürülməsi üzrə tanınmış cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı ilə canlı donorlarının sayının tərs mütənasiblik təşkil etdiyini deyir:

"Tarixə nəzər salsaq görərik ki, 1971-1972-ci illərdə akademik M.Cavadzadə tərəfindən İran və Türkiyə daxil olmaqla regionda ilk dəfə böyrək transplantasiyası əməliyyatı məhz bizim respublikada icra olunub. Maraqlısı da odur ki, bu əməliyyatların bir qismi meyit orqanların hesabına həyata keçirilib. Bütün dünyada olduğü kimi bizim ölkəmizdə də orqan çatışmazlığından əziyyət çəkən xəstələrin sayı artır. Lakin onların canlı donorlarının sayı isə tərs mütənasiblik təşkil edir, yani canlı donorların sayı qat-qat azdır. Digər tərəfdən isə, canlı donor olma şansı olmayan xəstələr də var. Məsələn; ürək, ağciyər, gözün buynuz qişası və sairə orqanlar var ki, bu insanlar yalnız meyit oqranları ilə həyata qayıda bilər. Başqa sözlə, bizim alternativ orqan mənbəyinə ehtiyacımız var. Bu mənbə isə meyit orqanlarıdır.

İnanıram ki, yaxın zamanda bu problem də öz həllini yapacaq və bizim respublikamızda da meyit orqanından istəfadə olunaraq xəstələrimiz sağlamlıqlarına qovuşacaqlar. Onu da qeyd edim ki, biz ən çətin olanını etmişik. Bu canlı donordan transplantasiyadır. Meyit orqanlardan transplantasiya isə ona nəzərən daha asandır. Bizim bu işi görən həm həkim kolletivimiz, həm də bu işi dəstəkləyən maddi-texniki bazası olan xəstəxanalarımız var".

                       Ümumi cərrah, cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi
     
Qanun öz yerində, biz xalq, millət, toplum olaraq bu məsələyə hazırıqmı?

Qanundan başqa düşüncəmizdə güclü dəyişiklik olmalıdır. Xəstəlikdən dünyasını dəyişən doğmalarımızın ekspertizasına razı olmayan toplumdan bunu gözləmək real deyil. Belə bir toplum, dünyasını dəyişmiş doğmasının orqanını kiminsə həyatda qalması üçün hədiyyə verməz.

Gəlin razılaşaq ki, bu işi təkcə qanunvericiliklə həyata keçirmək mümkün deyil, bununla yanaşı maarifləndirmə də aparılmalıdır. Tanınmış, nüfuzlu adamlar qabağa düşüb öz orqanlarını sağlığında vəsiyyət etsə cəmiyyət meyitdən orqan götürülməsini tədricən normal qəbul edəcək. Az da olsa belə nümunələr var; şəxsən mən, bir jurnalist olaraq, 5 il əvvəl ölümümdən sonra öz orqanlarımı bağışladığımı ictimai şəkildə elan etmişəm. Millət vəkili Qənirə Paşayeva da daxili orqanlarının bağışlanması ilə bağlı vəsiyyət yazıb. Bu siyahını məşhurların hesabına artırsaq, cəmiyyət meyitdən orqan insanlar orqan bağışlamaqdan çəkinməyəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikası qanunlarınına görə insan orqanları alqı-satqı obyekti deyil. Yad insanların bir-birilərinə orqan verməsi qanunla qadağan edilib, yalnız qohumlar öz orqanlarını bağışlaya bilər. 18 yaşdan yuxarı sağlam şəxs canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq müraciət edə bilər. 

Azərbaycanda beyin ölümü keçirən insandan donor kimi istifadə ediləcək. Beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxslərdən orqan götürülərək canlı insana köçürülə bilər. 

Hazırkı qanunun 9-cu (Transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi) maddəsində edilən dəyişikliyə əsasən, şəxs sağlığında meyitinin, orqan və toxumalarının transplantasiya, tədris və elmi məqsədlərlə istfadə edilməsinə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqan və (və ya) toxumaları istifadə oluna bilər. Şəxs sağlığında bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarından hər hansı birinin (həyat yoldaşı, həddi buluğa çatmış övladı, valideyinlərindən biri, qardaş -bacılarından biri), və ya qanuni nümayəndəsinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının transplatasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir. Gözün buynuz qişası kimi meyit üzərində dəyişiklik etməyən toxumalar hər hansi bir icazə və vəsiyyət olunmadan da alına bilər.

Zülfiyyə Qurbanova
BAKU.WS