VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünən Bakıdakı özəl bağçaların birində uşağa qarşı şiddət videosunun yayılması paytaxtdakı özəl bağçaların idarə edilməsində ciddi qüsurların olduğunu aydın göstərir. Ekspertlər hesab edirlər ki, problemin kökündə bağçaların düzgün qurum tərəfindən nəzarət edilməməsi məsələsi durur.

Təhsil eksperti Məlahət Mürşüdli BAKU.WS-ə açıqlamasında bildirib ki, məktəbəqədər tərbiyə müəssisələri Bakı İcra Hakimiyyətinin tabeliyində olması bu və digər problemlərin qabarmasına səbəb olacaq.


“Düşünürəm ki, bağçalara yerli icra orqanları tərəfindən nəzarət olunması yanlış məsələdir. İllərdir ki, bu mövzu gündəmdədir. Biz hər dəfə bu məsələni qaldırırıq ki, bağçalar təlim-tərbiyə ocağıdır. Onlar mütləq Təhsil Nazirliyinin tabeçiliyində olmalıdır”, - deyə ekspert bildirib.

M.Mürşüdli deyir ki, burada əsas məsələ təlim-tərbiyə ilə bağlıdır:

“Kadr seçimi, uşaqların təlimi metodu, təlimçilərin peşəkarlıq səviyyəsinin artırılmasıdır, rəhbər kadrların həmin müəssisəyə təyinatı və s. məsələlər Təhsil Nazirliyinin tabeliyində olmalıdır. Bu məsələ həllini tapmayana qədər bağçalarda bu problem var və həll edilməyəcək. Əksinə bu problemlər daha da artacaq”.

Ekspert əsas diqqəti “Kids studio” adlı özəl bağçanın lisenziyasız fəaliyyət göstərməsinə yönəldir. Onun sözlərinə görə, çox təəccüblüdür ki, özəl uşaq bağçası lisenziyasız fəaliyyət göstərib.

Buradan maraqlı suallar yaranır - necə olub ki, bu boyda təlim-tərbiyə müəsssisəsi nəzarətdən kənarda qalır və lisenziyasız fəaliyyət göstərib? Müəssisəyə kadrlar necə yerləşdiriliblər? Tərbiyəçilər tibbi müayinədən keçiblərmi? Onların bilik və bacarıqları hansı səviyyədədir?

Ekspert düşünür ki, bu sualların cavabı bağçaya rəhbərlik edən şəxslər və tabe olduqları qurum tərəfindən cavablandırılmalıdır:

“Düşünürəm ki, bu suallara aidiyyatlı orqanlar, məmurlar cavab verməlidir. Bağçalarda təlim-tərbiyəçilərin seçilməsi, yerləşdirilməsində qüsurlar var”.

M.Mürşüdlinin fikrincə, nəzarətin olmaması tərbiyəçilərin seçilib yerləşdirilməsində böyük problemlər yaradır:

“Düşünürəm ki, baş verən bu hadisə ilə bağlı xüsusi araşdırma aparılmalıdır. Özəl bağçalarda kadr seçimi istiqamətində problemlər mövcuddur. İşçilər özəl müəssisənin rəhbərləri tərəfindən seçilir. Seçim zamanı tərbiyəçinin biliyinin, bacarığının, səriştəsinin və sağlamlığının qiymətləndirilməsi meyarı olmur. Təhsil Nazirliyində bu sistem hazırdır. Bu ən azından müəssisə tərəfindən həyata keçirilməlidir”.

Ekspert əlavə edib ki, tərbiyəçilər seçiklərkən xüsusi qaydalara əməl olunmalıdır:

“Tərbiyəçilər seçilərkən psixoloji testlərlə yoxlanılmalıdır. Bu sadə bir formadır. Düzdür özəl müəssisələrə kadr seçimi rəhbər tərəfindən seçilir. Lakin bu seçim çox diqqətlə aparılmalıdır. Qiymətləndirilmə olmalıdır. Necə ki, bəzi özəl məktəblərin müəllimləri seçilərkən Təhsil Nazirliyinin tətbiq etdiyi metodlardan, formalardan istifadə edirlər. Təhsil Nazirliyinin müəllimlərin siyahı bazası var. Həmin bazaya daxil olub, onlar haqqında informasiyalarla tanış olurlar. Bu zaman kadrların uğurla seçilib yerləşdirilməsi prosesi baş verir.

Özəl bağçalarda çalışan tərbiyəçilər də bu prosesdən kənarda qalmamalıdır. Onlar üçün də bu baza yaradılmalıdır”.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, bağçaların qurumun nəzarətinə verilməsilə bağlı heç bir müraciət edilməyib.


“Bağçalarla bağlı məsələ birbaşa yerli icra orqanlarına, Bakı şəhər İcra Hakimiyyətinə məxsusdur”, - deyə məlumat verilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə məsələyə belə münasibət bildirib:



“Təhsil müəssisələrinin, o cümlədən bağçaların fəaliyyətinə dair lisenziyaların verilməsi müvafiq dövlət qurumu tərəfindən həyata keçirilir. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi- sanitariya gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinə uyğunluğu Təhsil nazirliyinin ekspertləri tərəfindən yoxlanılır.

O ki qaldı Bakı şəhərində fəaliyyət göstərən “Kids studio” uşaq bağçası ilə bağlı məsələyə onu deyə bilərik ki, bu müəssisə lisenziyasız qeyri-qanuni fəaliyyət göstərib”.

Ziya SƏCCAD
BAKU.WS