Bakıda bahalı uşaq bağçaları QİYMƏTLƏR- aylıq 700-1000 manat
Azərbaycanda özəl uşaq baxçalarında aylıq ödənişlərin baha olması illərdir müzakirə edilir. Hətta məsələ o qədər adiləşib ki, bir uşağın aylıq bağça xərcinin 700-1000 manat təşkil etməsi qulaqlarımıza qəribə gəlmir. Düzdür, qiymətlərin baha olması səbəbi kimsəyə bəlli deyil. Ən pisi də odur ki, ödənişlər ildən-ilə artır.
BAKU.WS xəbər verir ki, milli.az uşaq bağçalarının qiymətlərini araşdırıb.
Göründüyü kimi ən aşağı ödənişlə (aylıq 350 manat) belə, valideynə uşağının illik bağça xərci 4200 manata başa gəlir. 700 manatlıq bağçanın illik xərci isə 8400 manat edir. Bu da iki uşağı olanların ildə nə az, nə çox 16800 manat ödəməsi deməkdir.
Bağçaları bahalı edən nədir? Xidmətin çeşidi, keyfiyyəti? Sorğularımız nəticəsində öyrəndik ki, adıçəkilən uşaq bağçalarının xidmətlərinə 3 dəfə yemək, rəqs, ingilis dili kursları, şahmat oyunları daxildir. Bağçaların fəaliyyət qrafikləri, demək olar ki, eynidir. Fərqli olan, sadəcə, bir bağçanın binasının digərinə nisbətən daha modern olmasıdır.
Özəl bağçaların qiymətlərini kim tənzimləyir?
Özəl bağçalarda aylıq ödənişlər sahibkarların öz şəxsi qərarları əsasında tənzimlənir. Yəni müəssisənin sahibi göstərdiyi xidmətə qiymət biçməkdə sərbəstdir. Ona lisenziya verən Təhsil Nazirliyi də bu mələyə qarışmır. Sahibkar da hesab edir ki, göstərdiyi xidmət, müəssisədə yaradılan maddi-texniki baza aylıq ödənişdə öz əksini tapmalıdır ki, yatırdığı sərmayəni götürə bilsin.
Bağça yaratmaq üçün rüsüm 1250 manatdır
Uşaq bağçalarının adları | Aylıq ödəniş | İş qrafiki |
"Şəkərbala" | 650 manat | 08:30-dan 18:00-dək həftənin 5 günü |
"Çeburaşka" | 500 manat | 08:00-dan 19:00-dək həftənin 5 günü |
"Sehirli dayə" | 480 manat | 08:00-dan 18:00-dək həftənin 5 günü |
"Erudit-M"müasir uşaq baxçası | 400 manat | 08:30-dan 18:00-dək həftənin 5 günü |
"Mauqili" | 350 manat | 08:00-dan 19:00-dək həftənin 5 günü |
"İnci" | 350 manat | 08:00-dan 19:00-dək həftənin 5 günü |
"Şən" | 350 manat | 08:00-dan 18:00-dək həftənin 5 günü |
"Mickeys hous" | 500 manat | 08:00-dan 18:00-dək həftənin 5 günü |
"Modern Baby" | 650-700 manat | 09:00-dan 17:00-dək həftənin 5 günü) |
"Kids Baku" uşaq bağçası | 300 manat | 08:00-dan 18:00-dək həftənin 5 günü |
Uşaq bağçalarının ödənişlərin baha olması orada xidmətin keyfiyyətinin yaxşı olmasından çox, sahibkarın ilkin xərcləri ilə də əlaqələndirilir. Xüsusilə, uşaq bağçası yaratmaq üçün lisenziyanın alınmasının həddən artıq baha olduğu - 20 min manta təşkil etdiyi irəli sürülür. Lakin öyrəndik ki, təhsil müəssisələrinin fəaliyyətinin lisenziyalaşdırılması və bununla bağlı ödənilən dövlət rüsumunun məbləği məktəbəqədər təhsil müəssisələri üçün 1250 manat müəyyən edilib. Göründüyü kimi heç də bahalı prosedur deyil.
Ölkədə uşaq bağçalarının sayı azdır
Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, 2016-cı ildə ölkədə 1722 məktəbə qədər təhsil müəssisəsi fəaliyyət göstərib. Bunun 1079 körpələr evləri-uşaq bağçaları, 631 ədədi uşaq bağçaları, 4-ü məktəb-uşaq bağçaları, 8-i xüsusi bağçalar olub. Təkcə uşaq bağçalarına yerləşdirilmiş uşaqların sayı 30476 nəfər təşkil edib.
Ümumilikdə məktəbə qədər təhsil müəssisəsilərində 117239 nəfər olub. Hər yüz yerə düşən uşaqların sayı 92 nəfər təşkil edib. O ki qaldı uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyinə (1-5 yaşlı uşaqların ümumi sayına nisbətən) 6,8 faiz təşkil edir. Rəqəmlərdə inansaq 157 min 349 uşağın bağçaya ehtiyacı olduğu ortaya çıxır.
Bağçaların sayı artacaq
Bu gün özəl uşaq bağçalarının sayı 50-yə çatır. Tələbatı nəzərə alaraq say göstəricisi ildən-ilə artmalıdır. Başqa tərəfdən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə məktəbə qədər təhsilin icbari olacağına dair məqamlar da yer alıb. Belə ki, sənədə əsasən, məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, təlim-tərbiyə texnologiyaları təkmilləşdiriləcək.
Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bununla bağlı normativ hüquqi sənədlərin hazırlanması və qəbulu dəstəklənəcək, müasir təhsil və təlim texnologiyalarına əsaslanan yüksək ixtisaslı pedaqoqların hazırlanması ilə bağlı tədbirlər həyata keçiriləcək. Deməli, uşaq bağçası biznesi hələ uzun müddət rentabelli və perespektivli olacaq. O baxımdan bu sektorda qiymətlərin tənzimlənməsinə böyük ehtiyac var. Ən azından ödənişlərin hansı xidmətlərin qarşılığında təyin edildiyi müəyyən olunmalıdır. Çünki bu müəssisələr nə "The Little Red School House" (aylıq ödəniş 37 min dollar), nə "Horace Mann"dır (aylıq ödəniş 41 min dollar). Bu günə qədər yaradılan uşaq bağçalarının, demək olar ki, əksəriyyəti eyni tədris planı əsasında fəaliyyət göstəriblər. Tələbatın yüksək olduğunu nəzərə alıb bir-birləri ilə rəqabətə girib xidmət çeşidlərini atırmaq istiqamətində özlərini yormağa ehtiyac görmürlər.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda fitnes zallarında QİYMƏTLƏR (VİDEO)
Son illər paytaxtda fitnes zallarına böyük maraq yaranıb. Tələbat olduğuna görə isə belə zalların sayı gündən-günə çoxalır. BAKU.WS xəbər verir ki, Xəzər TV-ni...