2006-cı il yanvarın 1-dən 2017-ci ilin 1 oktyabr tarixinədək əmək pensiyalarının orta aylıq məbləği 6,8 dəfə artaraq 204 manata, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 7,7 dəfə artaraq 228 manata yüksəlib.

BAKU.WS xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Nazir qeyd edib ki, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının 2017-ci ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə yer almaqla, 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci yerdə qərarlaşıb.

2017-ci ilin 1 oktyabr tarixinə isə bu göstərici daha da artaraq 43,4 faizə yüksəlib. Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və əgər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son açıqlamasında təqdim olunan məlumatlara nəzər salsaq, görərik ki, Fransa, Avstriya, İtaliya kimi inkişaf etmiş ölkələr də təqribən eyni səviyyədə göstəriciyə malikdirlər.

S.Müslümov vurğulayıb ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcə imkanlarının davamlı artımı da əsas, təminat vasitəsi kimi çıxış edir.

Fondun gələn ilki büdcəsi pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini davam etdirməyə və bu tədbirlər nəticəsində 2018-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 6,9 faiz artaraq 216,5 manata çatmasına imkan verəcəkdir.

BAKU.WS